Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bakı. Trend:

16 noyabr 2022-ci il tarixində Fransanın Azərbaycan
Respublikasındakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər
Nazirliyinə (XİN) çağırılaraq, 15 noyabr 2022-ci il tarixində
Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə
bağlı XİN-in etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyindən bu gün Trend-ə verilən məlumata görə,
görüş zamanı, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən
uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin
Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə
çatdırılıb.

Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz
töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə
ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş
etdirdiyi bildirilib.

Fransanın bu addımının regionda sülhün bərqərar olmasına,
xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan
arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət
edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi
daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri
həvəsləndirdiyi vurğulanıb.

Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini
kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası ilə Fransa
Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq
haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi
çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.

Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi
bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım
və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.

Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin
müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir