XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb (FOTO)

Bakı. Trend:

XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış
mərasimi ADA Universitetində keçirilib.

Trend xəbər verir ki, konsertdən öncə Bakıda caz festivallarının
tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz
Festivalı sovet dövründə -1967-ci ildə keçirilib.

Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi
olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada
konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino
günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina
Saadathan rəsmlər yaratdı və onları “Rəqs edən Caz” adlı layihədə
birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu
rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də “QGallery”də “Dancing
Jazz” sərgisinin açılışı olacaq.

Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi
Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi
Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.

XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi və
incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm “tapmaca”
olacaq və payız mövsümünü gözəl şəkildə tamamlayacaq.

Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış
mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA
Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr
həyata keçirir.

Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen,
saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları
salamlayıb, onlara gözəl axşam arzulayıb.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz
Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə ADA
Universitetində açılışı böyük şərəfdir. Hafiz Paşayev, həmçinin caz
musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə
bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə
təşəkkürünü bildirib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz
Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki
festivalın açılış mərasiminin ADA Universitetində keçirildiyi üçün
rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki,
builki festivalda gənclər üçün xüsusi yer ayrılıb. Festival
çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Eyni zamanda,
sərgi və film nümayişi olacaq. Bakı Beynəlxalq Caz Festivalının
coğrafiyası ildən-ilə böyüyür. Bu il də Almaniyadan, İsveçrədən,
İtaliyada, İsraildən, Braziliyadan və digər ölkələrdən ifaçılar
çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz
ənənələrini daha da inkişaf etdirəcək.

Festivalın açılışında, həmçinin Braziliyanın Azərbaycandakı
səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış
edərək burada olmasından məmnunluğunu söyləyib və tədbirin
təşkilatçılarına təşəkkürünü bildirib.

Daha sonra “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori
Maret konsert proqramı ilə çıxış edib. O, Azərbaycan musiqiçiləri
ilə eyni səhnəni bölüşüb. Unikal layihədə Azərbaycan tərəfini
parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.

Qeyd edək ki, son onillikdə Qreqori müasir caz dünyasının geniş
spektrində unikal və cəlbedici səsə çevrilib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir