10 yaşlı qızın qətli ilə bağlı məhkəmədə qalmaqal yaşanıb

Bakı. Trend:

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar
Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə videogörüntülər nümayiş etdirilib.
Viodeogörüntülərdən biri istintaq zamanı meyitin yanma müddətinin
müəyyənləşdirilməsi üçün eksperiment aparılamsı məqsədilə qoyun
leşinin yandırılma görüntüsü olub.

İstintaq zamanı eksperiment məqsədilə qoyuna paltar
geyindirilərək yandırılılıb. Birinci dəfə qoyunun üstünə alışdırıcı
maddə tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb. Lakin bu zaman
məlum olub ki, qoyunun torpaqda olan kürək hissəsi yanmayıb.
Ekspertlər görüntüdə qoyunun kürək nahiyəsini təkrar yandırsa da,
yenə də kürək hissəsi yanmayıb.

Vəkillər Nərminə aid olduğu iddia edilən meyitin təxminən iki
dəqiqə ərzində tam yanmasının şübhə altında olduğunu bildirib.

“O meyitin arxa hissəsi torpağın üstündə idi. İki dəqiqə ərzində
kürək nahiyəsi o vəziyyətə düşə bilməzdi axı”, – vəkillər
deyib.

Məhkəmədə həmçinin İlkin Süleymanov hadisə yerinə gətirilib,
orada lentə alınmış görüntülər də nümayiş etdirilib. Videogörüntüdə
müstəntiqin İlkin Süleymanova təzyiq edərək dedikləri sözü
təkrarlaması, pıçıltı səsləri, müdaxilələri hiss olunub. Həmçinin,
görüntüdə İlkin Süleymanovun üzərində xəsarət izləri də
görünüb.

Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov
özü bir sıra məsələri aydınlaşdırmaq istəsə də, hakim Dadaş İmanov
buna imkan verməyib. O bildirib ki, vəkillər bunları saxlayıb,
məhkəmə prosesinin sonunda aydınlaşdırmalıdır.

Vəkillər buna görə hakimə etiraz edib. Bildiriblər ki, hakim
prosesi ədalətsiz araşdırır, ittiham və müdafiə tərəfinə bərabər
şərait yaratmır.

Məhkəmə prosesində qalmaqal yaşanıb. Nəticədə məhkəmə iclası
noyabrın 21-nə qədər təxirə salınıb.

İttihama görə, Tovuz rayonunun Dindar Quşçu kənd sakini, 2009-cu
il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itin düşüb.
2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar
edilib.

Qətldə şübhəli bilinən kənd sakini, 1973-cü il təvəllüdlü İlkin
Süleymanov saxlanılıb. O Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə),
133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına
çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam
oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, İlkin Süleymanov, sinif yoldaşı Şərif Quliyevin
qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir