2023-cü ilin dövət büdcəsi I oxunuşda qəbul edildi

Bakı. Trend:

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”
qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə deputatlar dövlət
büdcəsi ilə bağlı təklif və rəylərini bildiriblər.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət
büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə
daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7
milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək
göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə
müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində
dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır.
2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard
proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz,
2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan
yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə
müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft
qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma
əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir
barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülmüşdür.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard
manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0
milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat
çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də
ölkə tarixinin ən yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpası
və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət
büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə
dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə
olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün
3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə
müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz
çoxdur.

Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və
milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas
prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində
bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da
2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də
sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə
15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə
müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23
faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə
ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri
bərabərləşmiş olacaqdır.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri
nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon
manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə
müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il
dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin
sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə
əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin
genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi,
habelə təhsil müəssisələrində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil
xərclərinin artımında əsas istiqamətlərdəndir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı
üçün büdcə resurslarının artırılması, aqrar sektorun
stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf
etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat
məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu da 2022-ci illə
müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz
çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin
dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik
tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının
qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan
Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon
manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2022-ci illə
müqayisədə 38,6 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir