Azərbaycan-Albaniya münasibətlərinin gedəcəyi yol və əldə edəcəyi nəticələr çoxdur – Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyevin dost ölkəyə ilk dövlət səfəri
Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan
verəcək

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici
siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun
lider dövləti olmaqla yanaşı, dünya birliyinin fəal üzvü kimi
tanınır və nüfuz qazanır. Milli maraqlara uyğun olaraq
reallaşdırılan xarici siyasət nəticəsində ölkəmiz həm ikitərəfli,
həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələri formalaşdırıb. Mərkəzi və Şərqi Avropa
ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli əməkdaşlığın inkişafı
ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Dövlət başçısının Albaniyaya səfərinin mahiyyətini və
perspektivlərini özündə ehtiva edən mətbuata bəyanatında cənab
İlham Əliyev bu ölkəyə ilk dəfə səfər etdiyini bildirərək belə bir
əminliyi ifadə etdi ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin
inkişafına güclü təkan verəcək. Gələcək yaxın əməkdaşlıq üçün çox
gözəl imkanlar vardır.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan
əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli
münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi
məqsədilə Azərbaycan Prezidentinin Albaniya Prezidenti Bayram Beqay
və Baş nazir Edi Rama ilə görüşlərində əlaqələrin gələcək inkişaf
perspektivləri müzakirə olundu. Onu da qeyd edək ki, Azərbaycan ilə
Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın
23-də qurulub. Gələn il bu tarixin 30-cu ildönümü olacaq. Bu
münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil
olunması planlaşdırılır.

Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək
səviyyədə olub. Bu ölkənin prezidentləri Azərbaycana 5 işgüzar, baş
nazirləri isə 2 rəsmi və 2 işgüzar səfərlər etmişlər.
Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi
üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd
edildi.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin son
iki ildə xarici ölkələrə səfərləri həm də postmünaqişə mərhələsində
görülən işlərin təqdimatı olur: “Belə ki, ölkə Prezidenti İlham
Əliyev mətbuata bəyanatında bildirdi ki, İkinci Qarabağ
müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan
təmizlədik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. BMT
Təhlükəsizlik Şurasının qətnamələrindən bəhs edən dövlət başçısı
qeyd etdi ki, bu sənədlər 27 il ərzində icra edilmirdi. Ermənistan
bu qətnamələrin icrasına maraq göstərmir, məhəl qoymur, beynəlxalq
birlik isə sadəcə olaraq, buna göz yumurdu. Ermənistana hər hansı
bir sanksiya tətbiq edilməmişdir. Dövlət başçısı İlham Əliyev iki
ölkənin dəstəyinin qarşılıqlı olduğunu və bunun yüksək
qiymətləndirildiyini bildirdi: « Həm işğal dövründə, həm İkinci
Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını,
Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək
qiymətləndiririk.»

“İki ölkə arasında əlaqələrin inkişafında mövcud imkanlardan
bəhs edərkən enerji sektorunda əməkdaşlıq xüsusi qeyd olunur.
Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizi layihəsinin əsas təkib
hissəsi olan TAP layihəsinin üzvlərdir. Bu gün Azərbaycan qazı
Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin
iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji
sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu
imzalanmışdır. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə
qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir.
Təbii ki, bu qaz Albaniya ərazisindən keçəcək. Beləliklə, Avropanın
enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək. Həm
Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın o
cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq
göstərir. Hər iki ölkənin turizm imkanları da əməkdaşlığın
genişləndirilməsində öz sözünü deyəcək»,- deyə YAP Xətai rayon
təşkilatının sədri vurğulayıb.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Albaniya arasında bu
günədək 8 sənəd, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və
Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və
texnoloji sahələrdə əməkdaşlıq haqqında” Saziş imzalanıb: «Hər bir
sənəd əlaqələrdə yeni istiqamətin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır.”

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki,
dövlət başçısı İlham Əliyevin Albaniyaya ilk dövlət səfəri
əlaqələrin inkişafına böyük təkan verəcək. Ölkə Prezidenti İlham
Əliyev Albaniya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməklə
bir daha qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol
oynadığını açıqladı. Hər iki ölkənin Prezidentlərinin mətbuata
bəyanatlarından çıxan ümumi nəticə bundan ibarətdir ki, gedəcəyimiz
yol və əldə edəcəyimiz nəticələr çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir