“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Çin Xalq Respublikasının “Sunstone Development Co. Ltd” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikasının Prezidentinin 1704 nömrəli 4 dekabr
2017-ci il tarixli Fərmanının 10.2-ci bəndinə əsasən “ASK” ASC-yə
alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını
təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və
xarici ekspertlər cəlb etməklə tədqiqatların aparılması,
texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz
istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin
sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili,
habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod
bloklarının istehsalı imkanlarının araşdırılması tapşırığı
verilmişdir. Qeyd olunan tapşırığın icrası məqsədilə “ASK” ASC
tərəfindən ilkin layihələr hazırlanmış və həmin layihələrdə
iştirakla bağlı xarici investorlarla mütəmadi olaraq görüşlər
keçirilmişdir.

Neft koksunun kalsinasiyası və alüminium istehsalı üçün vacib
xammallardan biri olan anod bloklarının istehsalının ölkəmizdə
təşkili məqsədilə 16 noyabr 2022-ci il tarixində “ASK” ASC ilə Çin
Xalq Respublikasının “Sunstone Development Co. Ltd” şirkətinin
rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşdə qeyd olunan
layihə üzrə birgə çalışılmalar, uzunmüddətli əməkdaşlığın
qurulması, ölkəmizə investisiyanın cəlb olunması kimi mühüm
məsələlər müzakirə edilmişdir.

Qeyd olunmalıdır ki, “Sunstone Development” şirkəti tərəfindən
istehsal olunan anod həcmi 2011-ci ildə 1 mln ton olmuş, 2022-ci
ildə 2.5 mln tona yüksəlmiş və 2025-ci ildə isə bu rəqəmin 4.5 mln
tona çatdırılması planlaşdırılır. Çinin illik anod ixracının 39%-i
“Sunstone Development Co. Ltd” şirkətinin payına düşür və anod
istehsalının həcminə görə dünyanın ən böyük şirkətlərindən
biridir.

Anod blokları istehsalının ölkəmizdə qurulması yalnız idxaldan
asılılığın aradan qaldırılması və xaricə valyuta axınının
qarşısının alınması baxımından deyil, eyni zamanda gələcəkdə digər
alternativ sahələrin də yaranması, həmin sahələr üzrə xarici
investorların cəlbi və ölkəmizdə istehsal olunan məhsullarla dünya
bazarına daha rəqabətli şəkildə çıxmaq baxımından da xüsusi
əhəmiyyət daşıyır. Bununla yanaşı, layihənin icrası yeni iş
yerlərinin açılmasına, bu sahə üzrə milli kadr potensialımızın daha
da güclənməsinə və ümumi sosial-iqtisadi inkişafın təmin olunmasına
imkan verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir