“AzerGold” “Qırmızı Kitab”a daxil edilmiş nadir bitki növlərinin çoxaldılması və reintroduksiyası layihəsini icra edir (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2021-ci
ildən etibarən Daşkəsən rayonunun ərazisində bitən və “Qırmızı
Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan
bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi
ərazilərə reintroduksiyasını özündə ehtiva edən növbəti ekoloji
layihəyə başlanılıb.

Belə ki, 2021-ci ilin 14-16 oktyabr tarixlərində Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Qida və dərman
bitkiləri laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə
Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədəninin
ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər –
“Rosa Zangezura”, “Rosa Nisami”, “Pulverulenta” kimi itburnu
növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula
Grandiflora” (İriyarpaq kövrək mürdəşər) aşkarlanaraq toxumları
yığılıb. 2021-ci ilin noyabr ayında həmin toxumların çeşidlənməsi,
müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək,
xüsusi aqrotexniki qaydada Mərkəzi Nəbatat Bağının təcrübə sahəsinə
səpilib. Ötən bir il ərzində toxumlardan təqribən 400 ədəd “Rosa
Zangezura”, 450 ədəd “Rosa Nisami”, 267 ədəd “Pulverulenta”, 23
ədəd “Frangula Grandiflora” kolu yetişdirilib. Layihənin yekun
mərhələsi olaraq sözügedən kolların “Çovdar” mədəninin ətrafında
yerləşən dağlarda əkilərək çoxaldılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət
şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən
yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat
prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi
istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı,
Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində
ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq
kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər
yaşıllaşdırma aksiyaları təşkil edilir. Qeyd edilən tədbirlər
çərçivəsində bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli
şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib,
yaşıllıqlar salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir