Böyük Qayıdışa dair I Dövlət Proqramı 30 il öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışını təmin edəcək – Sevil Mikayılova

Bakı. Trend:

Vətən müharibəsindəki tarixi zəfərimizdən az sonra Prezident
İlham Əliyev bu ərazilərə Böyük Qayıdışın başlandığını elan etdi.
Dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” bu Qayıdışın həyata keçirilməsi üçün
növbəti vacib addımdır və 30 il öz yurd-yuvasından didərgin düşmüş
vətəndaşlarımızın ləyaqətli qayıdışını təmin edəcək. Yüz minlərlə
insanın öz torpaqlarına qayıdışı burada həyatı canlandıracaq,
iqtisadiyyatımız üçün əlavə dəyər yaradacaq. Əminik ki, Qarabağ
nümunəvi bir iqtisadi qovşaq kimi dünyada böyük diqqət cəlb
edəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan dövləti azad olunmuş
ərazilərimizin bərpası ilə bağlı yeni hədəflər müəyyənləşdirib.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu
ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

“Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yaxın 3 il
ərzində işğaldan azad olunmuş ərazilərə 34 min 500 ailə
köçürüləcək. Bu məqsədlə, ilk növbədə, 280 min hektar ərazi
minalardan təmizlənəcək. İlkin mərhələdə 35 minə yaxın mənzil və
fərdi yaşayış evi inşa ediləcək.

Qeyd etmək istərdim ki, azad olunmuş ərazilərimizdə ötən 2 illik
qısa müddət ərzində Prezident İlham Əliyevin tapşırıqları və
birbaşa nəzarəti altında sürətli bərpa-quruculuq işləri
aparılır.

Və Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa
quruculuq işlərini yalnız öz hesabına icra edir, bu işləri aparmaq
üçün heç bir dövlət və ya donor təşkilatdan ölkəmizə hər hansı
yardım edilməyib”, – deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”
çərçivəsində 2026-cı ilədək tədris müəssisələrinin yaradılması,
Olimpiya İdman komplekslərinin tikintisi, su anbarlarının
qurulması, qaz kəmərlərinin çəkilməsi kimi mühüm və kifayət qədər
maliyyətutumlu layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
2023-cü il dövlət büdcəsinin gəlir mənbələrinin dayanıqlılığı və
büdcədə hətta ən riskli senarilərdə belə 11% profisit yaranacağı
proqnozlaşdırılır. Ona görə sərəncamla göstərilən digər maliyyə
mənbələri ilə yanaşı, dövlət büdcəsindən bu Proqramın icrasını
təmin etmək üçün maliyyə ayırmalarına vaxtaşırı baxılması
məqsədəuyğun olar.

“İnanırıq ki, 1-ci Dövlət Proqramı çərçivəsində həyata keçirilən
ardıcıl və genişmiqyaslı layihələr müasir tariximizin yeni şərəfli
səhifəsi olacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
sürətli dirçəlməsinə, əhalinin məskunlaşmasına və iqtisadi
fəallığının təmin olunmasına xidmət edəcək”, – deyə S.Mikayılova
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir