Fransa Senatının məlum qətnaməsi bu ölkənin ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir – Cəlil Xəlilov

Bakı. Trend:

Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi bu ölkənin adına
tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq
olduğunu göstərir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov
bildirib.

Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət
anlayışının nə qədər qüsurlu olduğunu göstərir. Otuz illik erməni
işğalı dövründə yüz minlərlə azərbaycanlının vətənindən didərgin
salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə
soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız
işgəncələrə məruz qalmasına göz yuman Fransanın Azərbaycanı ittiham
etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun
müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi
dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət
anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir.
Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın
yanında yer alan və onun ölkəmizə qarşı ərazi iddialarını
dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud
şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.
Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan
ibarətdir ki, qətnamədə Azərbaycandan “Ermənistan ərazisi”ndən geri
çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl
etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən
müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata
keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə
müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda
Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa
Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlarından imtina
etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır.

“Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi
vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh
sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki,
Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına
əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq
siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam
etdirməyə həvəsləndirəcək, qarşıdurma meyllərini gücləndirəcək.

Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı
yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində
yaxından iştirak edib, onların bir çoxu həyatını qurban verib.
Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə
Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar
buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla
bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən
azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi
nankorluqdur.

Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı
qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq
və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik.
Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina
edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız
iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni qarşıdurmanın baş
verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı
üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə
yanaşmalıdır”, – deyə Təşkilatının sədr müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir