Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib (FOTO)

Bakı. Trend:

Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın
sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası
keçirilib.

Trend xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova
iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media
nümayəndələrini salamlayaraq, 17 noyabr – Milli Dirçəliş Günü
münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı,
firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət
büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri
davam etdirilib.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman
Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva,
Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri
Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Hikmət Məmmədov, Məşhur
Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, İlham Məmmədov, Elşad
Mirbəşiroğlu, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Aqiyə
Naxçıvanlı, Sahib Alıyev, Fəzail Ağamalı, İltizam Yusifov, Azər
Badamov, Elman Nəsirov, Razi Nurullayev, Vahid Əhmədov, Əli
Məsimli, Fatma Yıldırım, Kamal Cəfərov, Tahir Kərimli, Ceyhun
Məmmədov, Rauf Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Emin
Hacıyev, Musa Qasımlı, Kamran Bayramov, Malik Həsənov, Sadiq
Qurbanov, Bəhruz Məhərrəmov, Pərvin Kərimzadə, Könül Nurullayeva,
Məlahət İbrahimqızı, Şahin İsmayılov, Kamilə Əliyeva, Cəbi Quliyev,
Əziz Ələkbərov, Nəsib Məhəməliyev, Səbinə Xasayeva çıxış
ediblər.

Millət vəkilləri Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük
Qayıdışa dair I Dövlət Proqramının qəbul olunması, Yeni Azərbaycan
Partiyasının yaranmasının qarşıdan gələn 30 illik yubileyi ilə
bağlı fikirlərini bölüşüblər, həmçinin Fransa Senatında Azərbaycan
əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etirazlarını bildiriblər.
Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar,
təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən
məsələləri qaldırıblar.

Deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin
ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər, büdcə layihəsində
əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin
artırılmasını müsbət qiymətləndiriblər. Bildiriblər ki, tarixdə ilk
dəfədir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30
milyard manatı keçib. Vurğulanıb ki, 2023-cü ilin dövlət büdcəsi
ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi
Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması,
işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi
kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə
mexanizmlərini və imkanlarını özündə əks etdirir.

Millət vəkilləri gələn ilin dövlət büdcəsini dünyanın müasir
çağırışları, qlobal kataklizmlər və ərzaq təhlükəsizliyi
kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab
verdiyini qeyd ediblər. Deputatlar büdcə siyasətində
iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi
sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının,
xüsusən də şəhid ailələri və müharibə iştirakçılarının, hərbi
qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin
əhəmiyyətini vurğulayıblar.

Deputatlar səhiyyəyə, təhsilə, ailə institutunun qorunmasına,
qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını
təqdir etməklə yanaşı, icbari tibbi sığortanın əhatə dairəsinin
genişləndirilməsi, büdcə vəsaitlərinin nəticə yönümlüyünün
yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəy və
təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Bununla da 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli
Məclisin dünənki plenar iclasında başlayan, bu gün səhər və
fasilədən sonra davam edən müzakirələri yekunlaşıb. Beləliklə,
parlament tarixində ilk dəfədir ki, çıxışa yazılmış deputatların
hər biri çıxış edərək, müvafiq təkliflərini səsləndiriblər.

Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü
il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə
qoyulub və qəbul edilib.

İclasa sədrlik edən spiker Sahibə Qafarovanın təklifi ilə
gündəliyin növbəti iki məsələsinin – “Dövlət Sosial Müdafiə
Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta
Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinin
təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə
ayrı-ayrılıqda keçirilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında”
qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki,
Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə,
aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab
Prezident İlham Əliyevin daxili siyasətinin prioritet
istiqamətidir. Bildirilib ki, Fondun 2023-cü il üçün gəlirləri və
xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat
proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7
milyon manat və ya 11,7% çoxdur.

Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev qeyd
edib ki, gəlirlərin 4 mlrd. 783,6 milyon manatının, yaxud 76,4%-nin
məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına
formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 9,7%,
yaxud 422 milyon manat çoxdur.

Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil
edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn
ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə
imkan yaradacağını vurğulayıb.

Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev
ümumi xərclərin 97%-nin və ya 6 milyard 77 milyon 580 min manatının
əhaliyə ödənişlər təşkil edəcəyini qeyd edib. Bildirilib ki, gələn
il əhaliyə ödənişlərin nəzərdə tutulmuş proqnozu ötən ilin
təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12% çoxdur,
eyni zamanda əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə
423 manat təşkil edəcəyi gözlənilir. Musa Quliyev DSMF-nin işinin
təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara
göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin
yüksəldilməsi məqsədilə Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin təkliflərini səsləndirib.

“İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun
layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa
Quliyev diqqətə çatdırıb ki, gələn ildə fondun gəlirləri və
xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur ki, bu
da cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.

Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 159,6
milyon manatı, yaxud 74,9 %-i işsizlikdən sığorta haqları üzrə
yığımın, 53 milyon manatı, yaxud 24,9%-i isə cari ilin sonuna qədər
istifadə olunmamış vəsaitin hesabına formalaşacaqdır. Sığorta
haqları üzrə yığımın 71,8%-i qeyri-büdcə sektorunun payına
düşəcək.

Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev növbəti ildə
də özünə məşğulluq layihəsinin davam edəcəyini bildirib. Beləliklə
də özünəməşğulluq layihəsi ilə məşğulluğu təmin olunanların sayı
80.000 nəfərə çatacaq. Vurğulanıb ki, İşsizlikdən Sığorta Fondunun
2023-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların
itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq,
peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi,
ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün
optimal əsaslar yarada biləcək.

Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun
layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin rəyini bildirib, məsələlər barədə
fikirlərini açıqlayıb. Tahir Mirkişili DSMF-nin büdcəsinin ilk dəfə
olaraq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə
edilməsini qeyd edərək komitənin rəyinin müsbət olduğunu açıqlayıb.
Vurğulayıb ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də
İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin artırılması
Azərbaycanda dövlət başçısı tərəfindən aparılan sosial siyasətin
təminatı baxımından mühüm rol oynayır.

O, diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsində sosial
xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə
müqayisədə 1 milyard 300 milyon manat əlavə vəsait deməkdir.

Bildirilib ki, fondların təklif olunan büdcə layihələri pensiya
sisteminin və sosial siyasətlə bağlı qarşıya qoyulan hədəflərin
maliyyə dayanıqlılığını tam təmin edir.

Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini
açıqlayıb. Bildirib ki, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin
təmin edilməsi və rifah halının yaxşılaşdırılması ölkə başçısı
tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir.
Prezidentin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial
müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və
məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ilin dövlət
büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 46
faizə çatdırılması, o cümlədən son 5 ildə bu istiqamətdə ayrılan
vəsaitin mütləq ifadədə 2 dəfə artırılması bunun əyani
sübutudur.

Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun
növbəti il üçün büdcəsinin gəlirləri 6 milyard 264 milyon manat
məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin gəlirlərindən
658 milyon manat və ya 12 faiz çoxdur. Gəlirlərin 76 faizi və ya 4
milyard 784 milyon manatı məcburi dövlət sosial sığorta
daxilolmaları hesabına formalaşacaq. Bu isə cari ildən 422 milyon
manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə
2023-cü il üçün daxilolmalar 1 milyard 783 milyon manat,
qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard manat proqnozlaşdırlır.
Ümumilikdə 2022-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə
2023-cü il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar
5 faiz və ya 88 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar
isə 13 faiz və ya 334 milyon manat artacaq.

Qeyd edilib ki, dövlət büdcəsinin öhdəliklərinin
maliyyələşdirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsindən ayrılan
vəsaitin həcmi 1 milyard 468 milyon manat müəyyən edilib. Eyni
zamanda, sosial sığorta haqlarının yığımının proqnoza nisbətən çox
olması, habelə sosial sahədə inzibatçılığın təkmilləşdirilməsi və
əsassız ödənişlərin qarşısının alınması nəticəsində cari ilin
yekunları üzrə Fondun ciddi ehtiyat yastığının formalaşması
proqnozlaşdırılır.

Bildirilib ki, növbəti ildə fondun xərcləri gəlirlərinə bərabər
olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Bu
da 2022-ci ilə nisbətən 658 milyon manat və ya 12 faiz çoxdur. Qeyd
olunub ki, növbəti il üçün pensiyaların orta aylıq məbləği 423
manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 456 manat olaraq
proqnozlaşdırılır.

Sahil Babayev diqqətə çatdırıb ki, 2023-cü il üçün ölkə üzrə
yaşayış minimumu və ehtiyac meyarı da ilk dəfə olaraq
bərabərləşdirilir və 246 manat məbləğində müəyyən edilir.

Qeyd edilib ki, bununla yanaşı, “Əmək pensiyaları haqqında”
qanunda dəyişiklik edilərək, sığorta stajı amnistiyasının
müddətinin daha 3 il uzadılması ilə bağlı layihə də büdcə zərfinə
daxil edilib.

Sonra Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün
büdcəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Fondun gəlirləri
və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları
üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat
olaraq planlaşdırılır. O, qeyd edib ki, Fondun əsas fəaliyyət
istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv
məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir. Məşğulluq
xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin
edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat
vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin
kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək.

Nazir, eyni zamanda, büdcə zərfinə daxil olan digər qanun
layihələri ilə bağlı məlumat verib. Bildirib ki, layihələrə əsasən,
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 il müddətində
məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, bu
ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək
müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi
üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinətin
müəyyən edilməsi nəzərdə tutulur.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DSMF-in
2023-cü il üçün gəlir və xərcləri ilə bağlı palatanın mövqeyini
təqdim edib.

Palata sədri bildirib ki, DSMF büdcəsinin büdcə sisteminə daxil
olmaması büdcə sistemi haqqında tənzimləmələrin fondun büdcəsinə
münasibətdə tətbiqinə şərait yaratmır. Dövlət Sosial Müdafiə
Fondunun hesablarında yaranan qalıq vəsaitin istifadəsinə toxunan
Vüqar Gülməmmədov bu vəsaitin cari dövrdə digər istiqamətə
yönəldilməsinin haqq-öhdəlik zəncirinin qırılması ilə fondun,
deməli, dövlətin yeni öhdəliklərinin yaranmasına gətirib çıxara
biləcəyini diqqətə çatdırıb.

Bildirib ki, cari ilin sonuna da qalıqların 1 mlrd. manatdan
yuxarı həddə olacağı gözlənilir ki, bu da növbəti il üçün
proqnozlaşdırılan məcmu gəlirlərin 17,1%-i həcmindədir. Fondun ilin
əvvəlinə xəzinə hesabında qalığının növbəti ildə xərclərin
maliyyələşdirilməsinə yönəldildiyini diqqətə alaraq, Hesablama
Palatası Fondun gələcək dövrdə maliyyə dayanıqlılığının təmin
olunması məqsədilə dövlət öhdəliyinin dəqiqləşdirilməsi şərti ilə
sığorta ehtiyatı kimi istifadəsi ilə bağlı hüquqi tənzimlənmənin
yaradılmasına zərurət olması qənaətindədir.

Qeyd olunub ki, Hesablama Palatası dövlət büdcəsində olduğu
kimi, büdcədənkənar dövlət fondlarının büdcə layihələrini müşayiət
edən sənədlərin çeşidinin artırılması, həmin sənədlərin məzmununa
tələblərin müəyyən edilməsi tərəfdarıdır.

Məcburi dövlət sosial sığorta haqlarının tərkibində xüsusi
potensiala malik qeyri-büdcə sektoru üzrə daxilolmalarla bağlı
məlumat verən palata sədri cari ilin gözlənilən icra göstərici ilə
müqayisədə artım tempinin orta aylıq əmək haqqının
proqnozlaşdırılmış artım tempi ilə müqayisədə təhlil edib.

Qeyd olunub ki, növbəti ildə əhaliyə ödənişlərin cari illə
müqayisədə artımla proqnozlaşdırılması fonunda bu ödənişlərin digər
struktur elementi olan məcburi dövlət sosial sığorta haqları
hesabına müavinət xərclərinin azalma ilə nəzərdə tutulması artımın
bütünlüklə pensiya xərclərini əhatə edəcəyini göstərir ki, bu da
pensiyaçıların rifah halının qorunması və gücləndirilməsi
istiqamətində müsbət rol oynayacaq.

Müzakirələrdə çıxış edən deputatlar Etibar Əliyev, Cavanşir
Paşazadə, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Vahid Əhmədov, Elnur
Allahverdiyev, Siyavuş Novruzov qanun layihələri ilə bağlı
fikirlərini, rəy və təkliflərini bildiriblər.

Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü
il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta
Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda
səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir