Prezident İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir (TAM ÇIXIŞ)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk
Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv
ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu
nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, qonaqları salamlayan Prezident İlham
Əliyev dedi:

“Təşəkkür edirəm, çox sağ olun. İlk növbədə, gəldiyinizə görə
təşəkkür edirəm. Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm
ki, bu, gələcəkdə görməli olduğumuz işlərin düzgün
qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı
arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif
sahələrdə – siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə
əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq
Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu
güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif
tədbirlərdə fəal iştirak etdi.

Hazırda isə sizinlə razıyam ki, onun müasirləşdirilməsinin və
görülən işlərin nəzərdən keçirilməsinin vaxtıdır. Çünki bu
proqramın yaradılmasından on ildən çox keçir və Şərq Tərəfdaşlığına
üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini
imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub.
Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi
göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki,
ərazilərimizin azad olunması xarici siyasətimizin praqmatizm
üzərində qurulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş
etdirir. Başlıca hədəf isə Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi idi və biz buna iki il əvvəl nail olduq.

Beləliklə, biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən
ibarət olduğunu nəzərdən keçirməliyik. Bizə gəldikdə, biz bu
proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil,
Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab
edirik. Çünki Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə bizim
fərqli münasibətlərimiz var. Bizə isə Avropa Komissiyası ilə əlavə
əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də
qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən
keçirmək lazımdır.

Bizə gəldikdə, biz, eyni zamanda, Avropa İttifaqına üzv olan
dövlətlərlə ikitərəfli əsasda fəal işlədik. Üzv ölkələrin doqquzu
ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş
imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir.
Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan
nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub.
Beləliklə, bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə
sazişimizin müzakirəsi üçün təməl hesab edirik. Saziş üzərində iş
uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin
bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada
hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib
qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən
narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı
planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə
fayda verməlidir. Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi
çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik.
Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi
digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə
heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin
yekunlaşdırılması üçün fürsət var. Zənnimcə bu, bizim
əməkdaşlığımız üçün daha bir mühüm nailiyyət olacaqdır. Biz əlbəttə
ki, enerji inkişafı və enerjinin şaxələndirilməsi layihələri
haqqında da danışacağıq və müzakirələrin nədən ibarət olduğunu
biləcəyik.

Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən
sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün
illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi.
Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik.
Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda
idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi
vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında
danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar
həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab
verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi
üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu dünya
tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal
altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub
edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan
tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması,
azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif
etdik.

Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif
etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik.
Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən
etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox
tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz
onların anlamında sülhün nə olduğunu anlamırıq. Bununla belə, bizim
mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o
cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma
prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni,
Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı
qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan
əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və
təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına
aid məsələlər.

Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım
olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol
olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan
gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və
suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir,
o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu,
bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə
olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni
azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu,
olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna
görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın
mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh
istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə,
onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun
sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır.

Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə
deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər
etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla
bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab
almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu
ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir.
Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli
ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri
Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə,
bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və
“Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri
azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini
irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz
yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı
törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox.

Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki,
biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə
düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib
odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər
onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə
söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda
Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın
göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula
sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın
gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq
istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri
gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi
ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi
dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha
dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç
aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa
İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın
bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum
arasında konsensus olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir