Quş qripi, dabaq və quduzluq xəstəlikləri üzrə assosiativ-simulyasiya təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə təşkilatçılığı ilə
xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə
olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının
assosiativ-simulyasiya təlimi təşkil edilib.

AQTA-dan Trend-ə bildirilib ki, simulyativ təlimin
keçirilməsində məqsəd yüksək patogen quş qripi, dabaq və quduzluq
xəstəlikləri baş verdiyi halda, ölkədə böhran vəziyyətinin idarə
olunmasından və buna hazırlıq səviyyəsinin yüksəldilməsindən
ibarətdir.

Simulyasiyada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)
üçüncü biotəhlükəsizlik səviyyəli 3 səyyar laboratoriyasının
imkanlarından istifadə olunub. Bu laboratoriyalar virusoloji və
bakterioloji müayinələrin aparılması üçün tam təchiz edilib və
bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla
xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir.
Laboratoriyaların tətbiqi regionda müxtəlif zoonoz xəstəliklərin
yayılması riski olduğu indiki şəraitdə qısa müddət ərzində
xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək
hazırlıq səviyyəsi hesab edilir. Təlimə həmçinin şərti olaraq
xəstəliklərin baş verdiyi ərazidə dezinfeksiya və digər
baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün Kənd Təsərrüfatı
Nazirliyinin xüsusi təyinatlı avadanlıqları və dezinfeksiya
qurğuları gətirilib.

Təlimdə xəstəlik baş verdiyi şərti ərazidə epizootoloji
monitorinqlərin aparılması, diaqnostik material nümunələrinin səhra
şəraitində üçüncü biotəhlükəsizlik səviyyəsinə malik
laboratoriyalarda analiz edilməsi, epizootiya ilə əlaqədar
peyvəndləmə və baytarlıq-sanitariya tədbirlərinin icra olunması
prosedurları sınaqdan keçirilib. Həmçinin ilk dəfə olaraq, müdaxilə
edilməsi çətin olan relyef şəraitində, eləcə də həmin yerlərdə
yerləşən vəhşi quşların və heyvanların məskunlaşdığı yerlər dronlar
vasitəsilə müşahidə edilərək coğrafi koordinatları təsbit edilib.
Eyni zamanda əldə olunan məlumatların AQTA-nın Avtomatlaşdırılmış
Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən izlənməsi təmin
edilib.

Tədbirdə AQTA-nın, AQTİ-nin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Səhiyyə Nazirliyinin, KTN yanında Aqrar Xidmətlər
Agentliyinin, Baytarlıq Elmi Tədqiqat İnstitutunun, Fövqəladə
Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Abşeron və Binəqədi
rayon icra hakimiyyətlərinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli
İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri
iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir