Serbiya nümayəndə heyəti DOST Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Serbiya xarici işlər nazirinin konsulluq
məsələləri üzrə köməkçisi Vera Vukiceviçin rəhbərlik etdiyi
nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Qonaqlara DOST Agentliyi və mərkəzlərinin dövlət sosial
xidmətlərinə gətirdiyi mühüm innovasiyalar barədə məlumat verilib.
DOST konsepsiyasının Prezident İlham Əliyevin 2018-ci il 9 avqust
tarixli Fərmanı ilə yaradıldığı qeyd olunub. Dövlət sosial
xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş
məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı
vurğulanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə
heyətini DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri,
mərkəzdəki vahid əlaqələndirmə mərkəzi ilə tanış edib.

Daha sonra keçirilən görüşdə Agentliyin DOST xidmətləri
departamentinin müdiri Aygün Musayeva DOST konsepsiyası barədə
geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST-un ilk
mərkəzi 2019-cu ilin may ayında açılıb. Hazırda fəaliyyət göstərən
5 DOST mərkəzinə ümumilikdə 1,2 milyona yaxın şəxs müraciət edib.
Mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial
ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq
sahələri üzrə 154 xidmət təqdim edilir. Vətəndaşların xidmətlərdən
məmnunluq səviyyəsi isə 98,2 faiz təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir