Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Bakı. Trend:

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində
xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-ə verilən
məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış
Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən
partlayışda xəsarət alan şəxslərin müalicələrinə Nərimanov Tibb
Mərkəzinin Yanıq şöbəsində davam edilir.

“Hazırda cinsi qadın olan – 22 yaşlı B.N.-nın (III dərəcəli
termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan – 7
yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan – 1 yaşlı Ş.Ö.-nün (hər
biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə
orta ağır qiymətləndirilir”, – açıqlamada deyilir.

Qeyd edək ki, hadisə yerində əməliyyat şəraitinin ilkin
qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində
ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə
ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla
nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə
nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə
xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə
park edilmiş 2 avtomobilə ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir