Allahşükür Paşazadə Mərakeşə gedir

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə noyabrın 20-də Mərakeşə yola düşür.

İdarədən Trend-ə verilən
məlumata görə, səfərdən məqsəd 22-23 noyabr 2022-ci il tarixlərində
Mərakeş Krallığının Fəs şəhərində keçirilməsi planlaşdırılan
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC)
IX Qlobal Forumunda iştirak etməkdir.

BMT Sivilizasiyalar Alyansının, Mərakeş Krallığının və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilən Fəs
Qlobal Forumunun mövzusu “Sülh Alyansına Doğru: Vahid bəşəriyyət
olaraq birlikdə yaşamaq”dır. Birləşmiş Millətlər Təşkilatının Baş
katibinin, Mərakeş Kralı VI Məhəmmədin iştirak edəcəkləri foruma
dəvət alan QMİ sədri Şeyxülislam A. Paşazadə tədbirin nüfuzlu
dövlət xadimlərinin yer aldığı ilk hissəsi – «Müdriklərin səsi»
bölümündə çıxış edəcəkdir.

Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin
iştirak edəcəkləri forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb
edən bir çox mövzuların, o cümlədən, zorakı ekstremizm, terrorizm,
nifrət çağırışları, dini liderlərin, qadınların və gənclərin rolu,
təhsil, qlobal vətəndaşlıq, çoxtərəflilik və b. məsələlər barədə
fikir mübadiləsi nəzərdə tutulur. Forum iştirakçıları qarşılıqlı
hörmət, bir-birini qəbul etmə, birgəyaşayış, dinlərarası,
mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa əsaslanan, sülh,
birlik və həmrəyliyə aparan yolları müzakirə edəcəklər.

Şeyxülislam A.Paşazadənin Forum çərçivəsində tədbirlərdə
iştirakı və nüfuzlu tədbir iştirakçıları ilə görüşləri nəzərdə
tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir