Azərbaycan Frankofonları adından Fransa Senatına etiraz məktubu (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) fransız dili müəllimləri
və Azərbaycanda Fransız Dili Müəllimləri Assosiasiyasının üzvləri
adından Fransa Senatına etiraz məktubu göndərilib.

Bu barədə Trend-ə cümə günü ADU-dan məlumat verilib.

“15 noyabr 2022-ci il tarixində Fransa Senatı Azərbaycana qarşı
sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb
və qəbul edib. Biz bu qərarı böyük məyusluq və təəccüblə
qarşıladıq. Dünyaya insan azadlığı, demokratiya və hüquq
bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən bir ölkə Senatının
bütün hüquqi və mənəvi qaydaları pozub belə bir qətnamə qəbul
etməsi böyük ədalətsizlikdir. Bu qanun layihəsi eyni zamanda
fransızların “Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və
normal siyasi məntiqə yad hərəkətdir. Bununla siz Fransanın dünya
xalqları arasında uzun əsrlər boyu qazandığı hörmət və etimadın
itirilməsi yolunda son dərəcə yanlış addım atmısınız.

Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən
müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda
Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa
dövləti və hökumətinin qərəzli münasibəti ilə, ədalətsizliyi ilə
üzləşib.

Öz azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mücadilə
aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq həm də
demokratiyaya qarşı, əslində, bir haqsızlıqdır və bu, nə beynəlxalq
hüquqa, nə də elementar məntiqə sığır. Bununla siz, ola bilər ki,
Fransada yaşayan ermənilərin səsini qazana bilərsiniz, amma
Ermənistanı bir daha özünüz üçün qazanmadınız. Azərbaycanı isə
itirirsiniz.

Bu hərəkət Fransanı, özünə yaxın bilən hər bir azərbaycanlı üçün
ağır mənəvi zərbədir. Amma biz azərbaycanlılar dünyadakı və
Fransadakı dostlarımızın sayəsində bu zərbəni dəf edib öz siyasi
müstəqilliyimizi və ərazi bütövlüyümüzü hökmən qoruyacağıq.

Uzun illərdir fransız dili, ədəbiyyatı və mədəniyyətini tədris,
eləcə də təbliğ edən yaşlı və gənc müəllimlər olaraq düşünürük ki,
bu ədalətsiz qərar fransız dilinin Azərbaycanda gələcək nəsillər
tərəfindən öyrənilməsinə ciddi zərbə vurur. Bu qərarla siz
multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən – Azərbaycandan
üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı
Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz. Sizə tövsiyə edirik
ki, məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) “Qafqaza
səyahət” adlı kitabını yenidən oxuyaraq, Azərbaycanın tolerant
dəyərləri ilə daha dərindən tanış olasınız.

Azərbaycanın işi haqq işidir. Bu haqq işimizdə nə Fransa, nə də
digər ölkələr bizə münsif ola bilməz. Hansı qərarlar hansı
ölkələrdə çıxırsa çıxsın, yenə də və əbədi olaraq Qarabağ
Azərbaycandır!”, – deyə məkrubda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir