Azərbaycan Qarabağda “yaşıl” enerjiyə diqqət ayırır – “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh

Bakı. Trend:

Azərbaycan tarixi torpaqlarını erməni işğalından azad etdikdən
sonra genişmiqyaslı “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı
həyata keçirməyə başlayıb. Proqram çərçivəsində Azərbaycan hökuməti
bu ərazilərdə uğurlu iqtisadi inkişaf üçün zəruri olan əsas enerji
infrastrukturunun bərpası üzrə işlər aparır. Azərbaycan ənənəvi
enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin
inkişafına da böyük diqqət yetirir. Hökumət 2030-cu ilə qədər
ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payını 30
faizə çatdırmağı hədəfləyir.

Belə ki, 2023-2025-ci illər ərzində Energetika Nazirliyi bərpa
olunan enerji mənbələrindən, yəni su enerjisi, geotermal enerji və
bioenerji istifadəsi, o cümlədən, hidrogen texnologiyaları və
enerjinin saxlanması və hidroakkumulyasiyası üzrə fəaliyyətlərin
perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə məşğul
olacaq.

2026-cı ilədək dövr bp ilə birgə özəl investisiyalar hesabına
Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik
stansiyasının, Laçında və ya Kəlbəcərdə ümumi gücü təxminən 400 MVt
olan külək elektrik stansiyasının tikintisi planlaşdırılır.

Öz növbəsində, İqtisadiyyat Nazirliyi 2026-cı ilə qədər bərpa
işlərinə və yeni su elektrik stansiyalarının tikintisinə özəl
investisiyaların cəlb edilməsi ilə məşğul olacaq. Bununla yanaşı,
“Azərenerji” ASC istismardan çıxarılan kiçik SES-lərdə bərpa işləri
ilə məşğul olacaq, nəticədə 2025-ci ilədək 23 kiçik SES-in işini
təmin edəcək. “Azərenerji” 2025-ci ilə qədər 28 yeni kiçik SES
tikməyi, 2026-cı ilə qədər kiçik SES-lərin sayını 37-yə çatdırmağı
planlaşdırır. Həmçinin, 2025-ci ilədək gücü 100 MVt olan
“Xudafərin” SES-in və 40 MVt gücündə “Qız Qalası” SES-in tikintisi
başa çatdırılacaq. Bundan əlavə, Energetika Nazirliyi 2022-2023-cü
illərdə “yaşıl” texnologiyalardan istifadə üzrə pilot layihələrin
həyata keçirilməsi ilə məşğul olacaq.

İtaliyanın “Istituto Affari Internazionali” analitika mərkəzinin
Enerji, iqlim və resurslar proqramının elmi işçisi Pyer Paolo
Raymondi cümə günü Trend-ə bildirib ki, Azərbaycan bərpa olunan enerji
sektorunun inkişafında bu mənbələrin şaxələndirilməsi baxımından
yüksək potensiala malikdir.

“Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı
potensialı kifayət qədər yüksəkdir, lakin hələ tam istifadə
olunmur. Bundan əlavə, ölkə bərpa olunan enerjinin müxtəlifliyi
baxımından yaxşı potensiala malikdir. Bu potensialın günəş, külək
və su enerjisindən, eləcə də biokütlə enerjisindən və geotermal
enerjidən istifadədə tətbiqi imkanı var. İndi Azərbaycan bu cür
potensialın inkişafına təkan verəcək maliyyə resursları ayırmalı və
normativ baza yaratmalı olacaq”, – deyə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın iş apardığı Cənubi
Qafqazdakı bərpa olunan enerji mənbəyi qovşağı siyasi əhəmiyyət
kəsb edə bilər. Bu, bəzi Avropa qurumlarının artıq nəzərdən
keçirdiyi kimi, beynəlxalq investisiyalar üçün strateji əhəmiyyətli
sahəyə çevrilə bilər.

P.Raymondi qeyd edib ki, Azərbaycanda “yaşıl” hidrogen istehsalı
və daha sonra Avropaya ixracı potensialının inkişaf etdirilməsi Aİ
ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə kömək
edəcək.

“Elektrik enerjisinin uzun məsafələrə ötürülməsi səmərəlilik
baxımından kifayət qədər mürəkkəb işdir. Azərbaycan kiçik texniki
və infrastruktur tənzimləmələrindən sonra təmiz hidrogen istehsal
etməyə və sonra onu mövcud boru kəmərləri vasitəsilə Avropaya ixrac
etməyə üstünlük verə bilər”, – ekspert deyib.

Qeyd edək ki, tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan
oranın reinteqrasiyası, təkcə özü üçün deyil, həm də region
ölkələri üçün yeni iqtisadi imkanlar yaradılması istiqamətində çox
böyük işlər görür. Avropa ölkələri dəfələrlə Azərbaycanda bərpa
olunan enerji layihələrində maraqlı olduqlarını bildiriblər ki, bu
da Aİ ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış anlaşma
memorandumunda da öz əksini tapıb. Beləliklə, Azərbaycanın bərpa
olunan enerji sektorundakı potensialı Avropanın enerji
ehtiyatlarının şaxələndirilməsində və karbohidrogen emissiyalarının
azaldılması məqsədlərinə nail olunmasında böyük rol oynaya bilər.
Azərbaycan bərpa olunan enerji layihələrinə böyük xarici
investisiyaları cəlb etməklə həm öz iqtisadiyyatını əhəmiyyətli
dərəcədə gücləndirəcək, həm də tərəfdaşlarının enerji
təhlükəsizliyini təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir