Bu gün 30 illik yolun yaratdığı reallıq “Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışının əvəz etməsidir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu ilin noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla
zəngindir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham
Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan
Partiyasının 30 illik yubileyi də bu əlamətdar hadisələr sırasında
yer alır. YAP-ın keçdiyi 30 illik yolu tarixi Zəfərimizin yaratdığı
reallıqlar fonunda təhlil edir, partiyanın yeni hədəfləri özündə
əks etdirən yeni Proqramı əsasında gələcəyə baxırıq. Bir məqamı da
nəzərə alsaq ki, daim gələcəyə doğru keçmişdə qazandığımız
uğurların fonunda addımlayırıq, bu halda ölkəmizin həyatında dönüş
nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının
yaranmasını zəruri edən səbəblərə qısa nəzər salmaq bir tələbə
çevrilir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi
tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr
tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk
illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin
bacarıqsızlıqları, siyasi səriştəsizlikləri, öz şəxsi
ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda
xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş
vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən
işğalına səbəb oldu. Belə bir böhranlı şəraitdə xalqın sabaha olan
ümidləri puça çıxırdı. Belə bir çətin dövrdə 91 nəfər ziyalı ulu
öndər Heydər Əliyevə xalqımızın böyük əksəriyyətinin istəyini
özündə ehtiva edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini
ünvanladı. Müraciətdə bu əminlik ifadə edildi ki, xalqımızı belə
çətin vəziyyətdən xilas edəcək yeganə şəxsiyyət Ümummilli Liderdir.
Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının
zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq
ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni
yaradılacaq partiyanın əvəzsiz rol oynayacağına böyük inam ifadə
olunurdu. Ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi, yenə
də canından artıq sevdiyi Vətəninin xalqının yanında olduğunu
müraciətə verdiyi “Yeni müstəqil Azərbaycan uğrunda!” cavabı ilə
təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında
müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks
olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin
öhdəsindən layiqincə gələcəyinə əminlik də öz əksini tapmışdı.
Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin
sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının
keçirilməsi müasir müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin
əsasını qoydu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq iki ildir tarixi Zəfərimizin
sevincini yaşayırıq. Bu sevincin əldə olunması üçün Azərbaycanın
keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Bu baxımdan dövlət başçısı
İlham Əliyev bu çağırışı edir ki, müstəqillik yolumuz tarixi
paralellər əsasında təhlil edilməli, bu yolun heç də hamar olmadığı
indiki və gələcək nəsillərə çatdırılmalıdır. Möhtəşəm Zəfərimiz
müasir müstəqil Azərbaycan Respublikasının tarixində 1993-cü ildən
başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün
sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz
formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olunaraq onlarda
torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il
tarixdə “Artıq yetər!” deyib torpaqlarımızı işğaldan azad etmək
üçün səfərbər olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyev 44 gülük müharibədə adını tarixə qalib Sərkərdə,
torpaqlarımızın xilaskarı kimi yazdı. Bu gün bütün tədbirlərə qalib
ölkənin qalib Prezidenti kimi qatılan cənab İlham Əliyev işğal və
postmünaqişə dövrünün təhlili əsasında Azərbaycanın ədaləti və
beynəlxalq hüququ bərpa edən ölkə olaraq qarşısında böyük imkanlar
açdığını əsaslı şəkildə diqqətə çatdırır. Dövlət başçısı İlham
Əliyev partiyanın ötən il keçirilən VII qurultayında diqqəti bu
kimi məqamlara yönəltdi. Bildirdi ki, bu gün Yeni Azərbaycan
Partiyasının VII qurultayının keçirilməsi zərurəti məhz bu
səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Biz reallıqları
yaradan ölkəyik: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son
17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər
qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə
çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq.
Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin
etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə
malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi
bütövlüyümüzün bərpasını təmin etdik.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 30 ildə
partiyanın Proqramında əksini tapan hədəflərə yüksək səviyyədə nail
olunub: “Partiyanın VII qurultayını zəruri edən səbəblərdən biri də
məhz bu idi. Dövlət başçısı İlham Əliyev VII qurultayda partiyanın
keçdiyi inkişaf yolunun təhlilini verərək yeni dövrlə bağlı bütün
məsələləri özündə əks etdirəcək yeni Proqramın hazırlanması ilə
bağlı İdarə Heyətinə tapşırıqlarını verdi. YAP İdarə Heyətinin 29
dekabr 2021-ci il tarixli qərarı ilə yeni Proqram təsdiqləndi.
Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri,
eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri
deməkdir. Partiyanın yeni Proqramı beş fəsildən – “Partiyanın
inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”,
“Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin
əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə
Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir
fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu,
xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən
bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan
hədəflər və vəzifələr göstərilir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin
bu partiyaya olan inamını tamamilə doğruldub: “Dünənin, bu günün və
gələcəyin partiyası kimi dəyərləndirilən YAP-ın hər bir
qurultayında qəbul etdiyi qərarlar, həm ölkəmizin, həm də
partiyanın həyatında əhəmiyyətli rola malikdir. VII qurultayın
mühüm hadisələrindən biri də yeni tərkibin formalaşması oldu.
Veteranlar Şurası yaradıldı”

“Ulu öndər Heydər Əliyevin böyük əminliklə söylədiyi “Yeni
Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının
istək və arzularını əks etdirən böyük bir təşkilat olacaq”
fikirlərinin davamı olaraq dövlət başçısı, YAP Sədri İlham Əliyev
bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın,
bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan
sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”,
-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, partiyanın sıralarına
daxil olmaq istəklərini ifadə edən vətəndaşlarımızın sayı günbəgün
artmaqdadır: “Bu fikri YAP Xətai rayon təşkilatının timsalında
aydın ifadə edə bilərəm. 800 minə yaxın üzvü sıralarında
birləşdirən YAP-ın cəmiyyətdə zəfərlər partiyası kimi nüfuz
qazanmasını şərtləndirən əsas amillərdən biri də dövlətin
siyasətinə dəstəyin, partiyanın gələcəyinə inamın ifadəsi olaraq
bütün seçkilərdə qələbə qazanmasıdır. Təbii ki, 30 illik yolu bir
yazıda əhatə etmək mümkünsüzdür. Zəngin ənənələrə malik olan
partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslərlə, qəbul
etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə,
xalqımızın rifahının daha da yüksəlməsinə dəstək olacaq. Yeni
Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası
olduğunu bütün dövrlərdə əməli fəaliyyəti ilə təsdiq edir və
hədəflərə doğru inamla irəliləyir. Bu gün partiyanın fəaliyyətində
“Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə
güclüyük!” çağırışı əvəz edir. Partiyanın hər bir üzvünə bu uğurlu
yolda fəal olmağı arzulayıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir