FHN heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
(Xidmət) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xidmət
tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar aparılan
kütləvi maarifləndirmə işlərinə baxmayaraq, heyvandarlıqla məşğul
olan vətəndaşlar tərəfindən qış mövsümü üçün tədarük edilən və tez
alışma xassəsinə malik quru otun yaşayış evləri və yardımçı
tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına,
hava elektrik xətlərinin altına və digər yanğın təhlükəli ərazilərə
yığılması hallarına yenə də tez-tez rast gəlinir. Bununla da yanğın
təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki,
nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir.
Belə ki, sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik
naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və
digər səbəblər ot tayasının asanlıqla yanmasına və qısa müddətdə
genişlənərək böyük faciələrə gətirib çıxarır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha
heyvandarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət
edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba
yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı
50 metr, elektrik xətləri ilə 15 metr, avtomobil yolları ilə 20
metr ara məsafəsi gözlənilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir