Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlərə başlanılıb (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya
İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə
40-a yaxın jurnalist üçün “Etika, müəllif hüquqları və
jurnalistika” mövzusunda təlimlərə başlanılıb.

Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı
Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin
müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist
peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik
nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim
etdiyi faktları təhrif etməməlidir. O, daha sonra MEDİA
Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması
istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini
vurğulayıb.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun
direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış
qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə
təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən
yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə
töhfə verəcəyini bildirib.

ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən
Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il “The
Washington Times”da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il
xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri “New
York Times”, “International Herald Tribune”, “ForeignPolicy.com”,
“Daily Caller”, “Daily Star”, “Middle East Times” ve “SAIS Turkey
Analyst Report” kimi media subyektlərində nəşr edilmiş Tülin
Daloğludur. O, “Jurnalistikada etika və müəllif hüquqları nədir?”,
“Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin
formalaşması”, “Yeni media və etika: internet jurnalistikasında
tez-tez rast gəlinən etik pozuntular”, Medianın hazırki vəziyyəti –
ictimai gözləntilər və jurnalistika prinsipləri” və s. mövzularında
çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri
maraqlandıran sualları cavablandıracaq.

Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist
peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif
hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq
məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir