Könül Nurullayeva gəncləri narahat edən məsələləri gündəmə gətirdi

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva büdcə müzakirələri
zamanı seçildiyi Nizami rayonunda uzun illərdən bəri qalmış,
həllivacib sosial-iqtisadi məsələləri də yenidən gündəmə
gətirib.

Könül Nurullayeva bildirib ki, Keşlə qəsəbəsində yaşayan
sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll
edilməmiş əsas problemlərdən biri də, qəsəbədən keçən Babək
prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Mirzə Ələkbər
Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir:

“Aidiyyəti dövlət qurumlarına etdiyim müraciətlər əsasında qeyd
olunan məsələnin həlli üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb
olunacağını nəzərə alaraq, İqtisadiyyat Nazirliyi dövlət
vəsaitindən səmərəli və qənaətlə istifadənin vacibliyi baxımından
mövcud problemin həlli məsələsini Bakı Nəqliyyat Agentliyi və
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsas
götürülməklə məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunanları nəzərə
alaraq, 2023-cü ilin dövlət investisiya xərcləri çərçivəsində bu
önəmli məsələnin həllinə, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsində
250-dən çox ailənin yaşadığı Pəhlivan Fərzəliyev və Mətləb Ağayev
küçələrinə kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara
müvafiq maliyyə vəsaitinin ayrılmasına köməklik göstərməyinizi
Sizdən xahiş edirəm.”

K.Nurullayeva eyni zamanda Nizami rayonunda yerləşən binalarda
istilik sistemilə bağlı mövcud problemləri də xatırladıb:
“Binaların istilik sistemi ilə təmin olunması ilə bağlı
“Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda
dəfələrlə müraciətlər edilmiş, hər dəfə maliyyə təminatının
olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya
proqramında nəzərə alınacağı bildirilmişdir. Lakin növbəti
investisiya proqramının zamanı haqda heç bir məlumat
verilməmişdir.” K.Nurullayeva sözügedən məsələnin növbəti
investisiya proqramına salınmasını xahiş edib.

Deputat həmçinin gənc tələbələri narahat edən məsələrlə bağlı da
təkliflər irəli sürüb: “Bu gün gənc tələbələrin üzləşdiyi ən böyük
problemlərdən biri də onların mənzil şəraitinin, yataqxana
probleminin həlli ilə bağlıdır. Bu gün ölkədə yataqxana
təsərrüfatının demək olar ki, heç bir mövcud standartı yoxdur.
Düşünürəm ki, bu məsələni həll etmək, minlərlə tələbə gəncimizin
yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən bu
istiqamətdə hər hansı bir formada vəsaitin ayrılması nəzərdə
tutulmalıdır.”

Deputat həmçinin idman və gənclər sahəsinə 2023-cü il üçün
verilən proqnozun cari illə müqayisədə 2 milyon 409 min 712 manat
artaraq 46.3 milyon manat təşkil etdiyini vurğulayıb. Onun
sözlərinə görə, bu da dövlətin idman və gənclər sahəsinə xüsusi
önəm verməsinin göstəricisidir. Deputat həmçinin gənclərin
məşğulluğuna da diqqət çəkib: “Gənclərin məşğulluğunun təminatına
yönələn uzunmüddətli proqramların hazırlanması və xüsusilə də
regionlarda belə proqramların tətbiqi üçün büdcədən müəyyən maliyyə
vəsaitlərinin ayrılması əhalinin rifahının yaxşılaşdırılmasında
mühüm rol oynaya bilər. Əsas önəmli məsələlərdən biri də prioritet
sahələrə ayrılan büdcə vəsaitlərinin düzgün, səmərəli və qənaətlə
istifadə olunmasının yoxlanılması, büdcə vəsaitlərinin istifadə
edilməsi üzrə maliyyə nəzarəti mexanizminin yaradılması və
tətbiqidir. Yalnız bu zaman qarşıda duran bütün vəzifələrin
öhdəsindən gəlmək mümkün olar.“

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir