Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə məktub ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli
Qaribaşviliyə məktub göndərib.

Trend-in məlumatına görə,
məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Bu il biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında
əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30
illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən
təbrik edir, Sizə və dost Gürcüstan xalqına ən səmimi arzularımı
yetirirəm.

Əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış
xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan
arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişaf edərək
bugünkü səviyyəyə çatması böyük məmnunluq doğurur.

Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində
ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat,
enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə
əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı
səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı
sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın
genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji
tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də
səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm.

Eyni zamanda, Avropa ilə Asiya arasında körpü rolunu oynayan
regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən
irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə
gerçəkləşdirilməsində sıx işbirliyimizi xüsusi qeyd etmək
istərdim.

Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş
Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda
yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi
potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.

Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim
genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və
regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə
dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə
qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla
davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim
əmin-amanlıq, firavanlıq və rifah diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir