Prezident İlham Əliyevin səfəri Azərbaycan-Albaniya əlaqələrinin inkişafına güclü təkan verəcək – Rauf Əliyev

Bakı. Trend:

Prezident İlham Əliyev 15 noyabr tarixində Albaniyada rəsmi
səfəri zamanı mətbuata verdiyi bəyanatda bir çox mühüm məqamlara
toxunmuşdur. İki ölkə arasındakı münasibətləri dəyərləndirən cənab
Prezident bildirmişdir ki, Azərbaycan və Albaniya arasında
konstruktiv siyasi dialoq mövcuddur. Beynəlxalq təşkilatlardakı
uğurlu əməkdaşlq iki ölkə arasında əlaqələri gücləndirir. Albaniya
həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək
həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ
müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını,
Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycan çox
yüksək qiymətləndirir.

Bəyanatda qeyd olunmuşdur ki, İkinci Qarabağ müharibəsinin
nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad
etdi və beynəlxalq hüququ bərpa etdi. Bildirilmişdir ki, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul
olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi.
Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki
olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik
isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir
sanksiya tətbiq edilməmişdir. Azərbaycan ərazisinin 20 faizini
işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz
məskunlaşma aparmaq hərbi cinayətdir. Ermənilər işğal dövründə 67
məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə
heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə
toxunmuşlar. Azərbaycan bu münaqişəni təkbaşına həll etdi, ədaləti
bərpa etdi və azad olunmuş torpaqlarda indi Azərbaycan Bayrağı
dalğalanır. Artıq bu torpaqlara həyat qayıdır.

Bəyanatda Azərbaycanla Albaniya arasında önəmli əməkdaşlıq
istiqamətlərindən birinin qaz sahəsi olduğu bildirilmişdir.
Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz
Dəhlizinin icrasında hər iki ölkə çox önəmli rol oynayıblar. Bu gün
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini
verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında
enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu
imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya
gedən qaz təchizatının iki dəfə artırılması nəzərdə yuyulmuşdur.
Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə
genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa
İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır
və qiymətləndirilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının
inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz
şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi
iştirak edə bilər.

Cənab Prezident əməkdaşlıq üçün enerji sektorundan başqa da çox
yaxşı imkanların olduğunu bildirmişdir. Qarşılıqlı sərmayə
qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti,
birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir
texnologiyalar sahələri. Cənab Prezident İlham Əliyevin bu səfəri
zamanı müzakirə olunan məsələlər, imzalanmış sənədlər deməyə əsas
verir ki, bu səfər Azərbaucan-Albaniya əlaqələrinin inkişsfına
gücjü təkan verəcək.

Milli Məclisin deputatı Rauf Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir