Rasim Məmmədovun həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 70 milyon manatdır – Məhkəmə

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”
şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı
məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə Rasim Məmmədov və onun ailə
üzvlərinə məxsus əmlakların qiymətləndirilməsi ilə bağlı sənədlərin
araşdırılmasına başlanılıb.

Məlum olub ki, Rasim Məmmədov, onun ailə üzvləri, yaxın
qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan
qəsəbəsində 337.55 kvadratmetrlik yaşayış evi 331 min manat,
Mərdakan qəsəbəsində daha bir ev 223 min manatdır. Bundan başqa,
Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament prospektində
qeyri-yaşayış sahəsi də var və bu əmlakın da üzərinə həbs
qoyulub.

Rasim Məmmədov deyib ki, bu hadisələr baş verəndən sonra ona və
ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yolu ilə
satılıb. “Həmin əmlaklar bəzi borcların bağlanması üçün satılıb. Bu
gün işdə üzərinə həbs qoyulan əmlakların bir çoxu yoxdur, həmin
əmlakların başqa sahibləri var”, – təqsirləndirilən şəxs deyib.

Elan olunan sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində
2 min 600 kvadratmetrlik qeyri-yaşayış sahəsinin, Sabunçu qəsəbəsi,
Maykoviski küçəsində yerləşən iki qeyri-yaşayış sahəsinin üzərinə
də həbs qoyulub. Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat
miqdarında qiymətləndirilib.

Onun üzərinə həbs qoyulan digər əmlakları isə Şüvəlan
qəsəbəsində bağ sahəsi, Nəsimi rayonu, Azadlıq prospektin 54
ünvanında qeyri-yaşayış sahəsi, Azadlıq prospekti 54A ünvanında
mənzildir.

Rasim Məmdova məxsus Yasamal rayonu, Şərifzadə küçəsindəki
qeyri-yaşayış sahəsinin isə qiymətinin 2 milyon manat dəyərində
olduğu müəyyən edilib.

Məhkəmədə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın
adına Bakının Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən Bakı
Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon
487 min 150 manat qiymətləndirildiyi açıqlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, məktəbin 50 faizi onlara, digər
50 faizi isə başqa şəxsə məxsusdur. Rasim Məmmədovun vəkilləri isə
deyib ki, ittiham aktında məktəb 24 milyon manat
qiymətləndirilib.

Hakim deyib ki, işdə “Baku Steel Company” MMC-nin rəhbərinin
1-ci müavini olmuş Çingiz Həsənova məxsus əmlaklar var, həmin
əmlakların hamısı Çingiz Həsənovun öz adına olub. Hakim deyib ki,
Çingiz Həsənovun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb. Bu
səbəbdən həmin əmlakların siyahısı açıqlanmayıb.

İş materiallarında Rasim Məmmədova məxsus, Sumqayıt şəhəri,
Kimyaçılar qəsəbəsində “No FE ROS” MMC-nin yerləşdirdiyi torpaq
sahəsinin üzərinə həbs qoyulduğu bildirilib. Həmin torpaq sahəsi 10
milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat
miqdarında qiymətləndirilib.

Rasim Məmmədov deyib ki, sənədlərdən həm torpaq sahəsinin, həm
də şirkətin avadanlıqlarının üzərinə həbs qoyulduğu məlum olur:
“Həmin torpağın üzərinə həbs qoyulması qanunsuzdur, çünki həmin
torpaq sahəsi dövlətə məxsusdur”.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi – dövlət əmlakının
idarə edilməsi xidmətindən əmlakları ilə bağlı verilən sənəd elan
olunub. Həmin sənəddə əmlakların alınma tarixi və sahiblərinin
adları qeyd olunub.

Sənəddə qeyd edilib ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min
600 kv əmlak kompleksin üzərinə həbs qoyulub, həmin əmlak Rasim
Məmmədovun atası Hikmət Məmmədovun adına olub. Bundan başqa,
Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində bir neçə mənzilin
üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillərin Rasim
Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd
olunub.

Rasim Məmmədov deyib ki, İsmayıl bəy Qutqaşınlı küçəsində
yerləşən mənzil həyat yoldaşına atasından miras qalıb.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın
qohumlarına məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi
dəyəri 70 milyon manatdır.

İş materiallarında Sulutəpə qəsəbəsində də Rasim Məmmədova
məxsus əmlakın üzərinə həbs qoyulduğu göstəilsə də, o, həmin
ərazidə ümumiyyətlə əmlakı olmadığını bildirib.
O, özünün, atasının və qayınatasının bağ evləri olduğunu və həmin
bağ evlərinin hamısının “Baku Steel Company”dən öncə alındığını
deyib.

Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının
təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı,
bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs
qoyulub. Lakin həmin əmlakların cinayət yoluyla əldə olunmasına
dəlalət edən heç bir sübut ortaya qoyulmayıb.

Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı
narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının
bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının
bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud
da yoldaşımgil üç bacıdırlar, bir bacıya görə atanın bütün əmlakına
həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir…”.

Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində
yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki,
həmin mənzillərdən birini 2003-cü ildə alıb. İkinci mənzili isə
2009-cu ildə müəğnni Aygün Kazımovadan alıb: “Həmin binada nazirdən
tutmuş, müğənniyə qədər çox adam yaşayırdı”.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin
müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən
sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o
cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər
yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel
Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf
etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs
ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol
verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət
Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli
miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli
miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda)
və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir