Tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı təlimlər başa çatıb (FOTO)

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi təşkilatçılığı və Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AzMİU) tərəfdaşlığı ilə tarixi-memarlıq
abidələrinin bərpasını sürətləndirmək məqsədilə noyabrın 14-də
başladılan təlimlər sona çatıb.

Layihənin başa çatması ilə bağlı olaraq AzMİU-da tədbir
keçirilib və layihə çərçivəsində hazırlanan eskizlərin sərgisi
keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri,
xarici qonaqlar, AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və
tələbələr iştirak ediblər.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova qonaqları salamlayıb və layihənin aktuallığına diqqət
çəkib. Rektor qeyd edib ki, tarixi-memarlıq abidələrinin, o
cümlədən işğaldan azad olunan ərazilərimizdəki abidələrin bərpası
yüksək peşəkarlıq və böyük təcrübə tələb edir. Bu baxımdan layihəyə
qabaqcıl ölkələrdən xarici ekspertlərin cəlb olunmasını, onların
bilik və təcrübələrinin AzMİU-nun uyğun profil üzrə müəllimləri,
tələbələri ilə bölüşməsini təqdir edən professor Gülçöhrə Məmmədova
layihənin davamlılığının vacibliyini vurğulayıb.

AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası
kafedrasının müdiri, professor Səbinə Hacıyeva, Təhsildə Keyfiyyət
Təminatı Agentliyinin sədri Ülkər Səttarova, xarici ekspertlər –
Azərbaycanda böyük miqyaslı layihələrin icrasında iştirak edən,
ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış olan memarlar Omid
Kamvari və Filippos Filippidis çıxış edərək təlimlərlə bağlı
təsüratlarını bölüşüblər.

Qeyd edək ki, layihə çərçivəsində Böyük Britaniyanın abidələrin
bərpası istiqamətində geniş təcrübəyə malik “AA School” Memarlar
Assosiasiyası ilə qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl
nailiyyətlərin öyrənilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub.
Assosiasiyanın iki eksperti – Omid Kamvari və Filippos Filippidis
qeyd olunan prosesə cəlb olunublar. Həmin ekspertlər tərəfindən
AzMİU-nun mütəxəssislərinə (memarlar, bərpaçılar, inşaatçılar,
dizaynerlər), uyğun profil üzrə təhsil alan tələbələrinə təlimlər
keçirilib, təcrübə mübadiləsi aparılıb.

Layihənin əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində bərpa işlərinin yerli mütəxəssislər tərəfindən daha da
keyfiyyətli aparılması, beynəlxalq təcrübə mübadiləsi,
iştirakçıların müasir və ənənəvi bərpa yanaşmalarındakı
nəzəriyyələr və praktiki bacarıqlara yiyələnməsi olub.

Təbrin sonunda layihədə iştirak edən tələbələrə sertifikatlar
təqdim olunub və layihə çərçivəsində hazırlanan eskizlərin nümayiş
olunduğu sərgiyə baxış keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir