YAP jurnalistlər arasında fərdi yazı müsabiqəsinin nəticələrini açıqlayıb (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis
olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı
tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı
müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir keçirilib.

Trend xəbər verir ki, əvvəlcə YAP-ın Mərkəzi Qərargahında müasir
müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının
qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub,
önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov noyabr ayının əlamətdar hadisələrlə zəngin
olduğunu bildirib. 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən bəhs
edən YAP Sədrinin müavini deyib ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərin qazanılmasında müstəsna
rolu olan və böyük şücaət göstərmiş qəhrəman Vətən övladlarını
Azərbaycan xalqı heç zaman unutmayacaq, bu yolda canlarını qurban
vermiş şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad
edəcək. Bu günlərdə 9 Noyabr – Dövlət Bayrağı Gününün xalqımız
tərəfindən qürurla qeyd edildiyini xatırladan YAP Mərkəzi
Aparatının rəhbəri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə
üçrəngli Bayrağımızın dalğalanması hər bir vətəndaşımız üçün
iftixar mənbəyidir. Eyni zamanda, 12 Noyabr – Konstitusiya Gününün
və 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətə malik
olduğunu deyən Tahir Budaqov əlavə edib ki, 1992-ci il 21 noyabrda
Yeni Azərbaycan Partiyasının yaradılması çoxəsrlik dövlətçilik və
müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindəndir.

Tahir Budaqov bildirib ki, şanlı qələbəyə gedən yol xalqın
iradəsi ilə güclü lider və dahi şəxsiyyətin – ulu öndər Heydər
Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması ilə
başladı: “30 il əvvəl yaradılan Yeni Azərbaycan Partiyası o dövrdə
respublikamızda siyasi sistemin formalaşmasında və inkişafında
müstəsna rol oynadı, eləcə də demokratik proseslərin, sivil siyasi
mübarizənin əsasını qoydu. Partiyamızın yarandığı gündən bir neçə
ay sonra xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə dünya siyasi
tarixində nadir hadisələrdən biridir. Bilirsiniz ki, YAP-ın
yarandığı dövrdə Azərbaycanda dərin siyasi və iqtisadi böhran hökm
sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamız ağır
humanitar fəlakətlə üz-üzə qalmışdı. 1993-cü ilin iyun ayında
xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu
öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, müdrik siyasəti
və titanik fəaliyyəti sayəsində siyasi xaosun, iqtisadi tənəzzülün,
vətəndaş qarşıdurmasının qarşısı alındı və respublikamız inkişaf
yoluna qədəm qoydu. Xalqımız haqlı olaraq o dövrü qurtuluşdan
tərəqqiyə aparan tarixi dönəm kimi səciyyələndirir. Çünki bütün
çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanı
təlatümlərdən xilas etdi, ölkəni regional və beynəlxalq təcrid
vəziyyətindən çıxardı və nəticə etibarilə respublikamız dünya
birliyində öz layiqli yerini tutdu”.

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın iqtisadi
imkanlarının artması güclü ordu quruculuğuna da əhəmiyyətli təsir
göstərdi. Bu amil qələbəyə aparan yolda müstəsna əhəmiyyət kəsb
edir. Cənab İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci
ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra
Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində
tarixi Zəfər əldə olundu. Bu gün qalib xalqın nümayəndələri olaraq
hər birimiz fəxarət hissi keçiririk.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar
silsilə tədbirlər keçirildiyini vurğulayan Tahir Budaqov fərdi yazı
müsabiqəsinin önəmindən bəhs edib: “Təqdim olunmuş məqalələrdə
müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi
şərəfli yol, ulu öndər Heydər Əliyevin tarixi missiyası və xalqımız
qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin
məqsədyönlü siyasəti, partiyamızın inkişaf yolu geniş əks olunub.
Qərəzsiz mövqe ortaya qoymaq hər bir vətəndaş kimi jurnalistlərin
də borcudur. Bu, dövlətçilik qarşısında xidmətin bir nümunəsidir.
Mətbuat dünyada “dördüncü hakimiyyət” hesab olunur. Çünki ictimai
rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rolu
var. Ona görə də mətbuatın fəaliyyətində milli maraqlar daim öndə
olmalıdır”.

YAP Mərkəzi Aparatının rəhbəri müsabiqədə qalib olan
jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın
İdarə Heyətinin üzvü Arif Rəhimzadə mətbuatın cəmiyyətin
inkişafındakı rolundan danışıb. O qeyd edib ki, bütün insanlar, o
cümlədən jurnalistlər tutduqları vəzifədən, peşəsindən asılı
olmayaraq ümummilli məsələlərdə daim vətəndaş mövqeyi ortaya
qoymalıdırlar. YAP Veteranlar Şurasının sədri müsabiqənin
qaliblərini təbrik edib.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov
müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, Yeni
Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə
əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən jurnalistlər
arasında elan olunan fərdi yazı müsabiqəsi sentyabrın 5-dən
oktyabrın 7-dək davam edib. Daxil olmuş məqalələr Müsabiqə
Komissiyası tərəfindən qiymətləndirilib və yekun ballara əsasən
nəticələr müəyyən olunub. Müsabiqənin şərtlərində əks olunduğu
kimi, bir nəfər I, iki nəfər II, üç nəfər isə III yer üzrə qalib
olub. On nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici yer üzrə
mükafata layiq görülüb.

Çıxış edən Müsabiqə Komissiyasının üzvləri – “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Alqış Həsənoğlu, “İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə və “Səs” qəzetinin baş redaktoru Bəhruz
Quliyev qeyd ediblər ki, yazıların qiymətləndirilməsi zamanı
mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma,
materialın oxucu üçün informasiyalılıq dərəcəsi, yazının dil və
üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist məsuliyyəti,
ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürülüb və
obyektivlik tam təmin olunub. Çap mətbuatı ilə yanaşı, onlayn media
subyektlərinin, həmçinin regionlarda fəaliyyət göstərən mətbu
orqanların nümayəndələri müsabiqəyə ciddi maraq göstəriblər.

Tədbirdə müsabiqənin qaliblərindən “Şərqin səhəri” qəzetinin baş
redaktoru Muxtar Rzazadə, “Kaspi” qəzetinin əməkdaşı Rufik
İsmayılov və “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış
edərək Yeni Azərbayan Partiyasının 30 illik fəaliyyətinin
işıqlandırılmasında fərdi yazı müsabiqəsinin əhəmiyyətini
vurğulayıblar.

Qeyd edək ki, müsabiqənin nəticələrinə görə, “Kür” qəzetinin baş
redaktoru Əminə Əhmədova I yerə layiq görülüb. İkinci yerin
qalibləri Muxtar Rzazadə (“Şərqin səhəri” qəzeti) və Günel Abbasova
(“Yeni Azərbaycan” qəzeti), üçüncü yerin qalibləri isə Elçin
Mehdiyev (Trend İnformasiya Agentliyi), Sevinc Qarayeva (“525-ci
qəzet”) və İlkin Nəcəfzadə (“AzVision.az” internet saytı) olub.

Həvəsləndirici mükafatlara isə Mətləb Salahov (“Səs” qəzeti),
Zahid Rza (“İki sahil” qəzeti), Aysel Aslan Turan (Modern.az
internet saytı), Nazim Hüseynov (“Oğuz yurdu” qəzeti), Yeganə
Bayramova (“Yeni Azərbaycan” qəzeti), Əli İbrahimov (BayMedia.az
internet saytı), Könül Məmmədova (“Şirvan” qəzeti), Ramiz Cürənov
(APA İnformasiya Agentliyi), Rufik İsmayılov (“Kaspi” qəzeti) və
Əli Əliyev (“Xalq qəzeti”) layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir