Abad şəhərlər, yeni iş yerləri, xüsusi güzəştlər – Böyük Qayıdışa dair I Dövlət Proqramının hədəfləri

Bakı. Trend:

Prezident İlham Əliyevin Böyük Qayıdışa dair imzaladığı I Dövlət
Proqramında sürətli inkişaf və əhalinin dayanıqlı məskunlaşması ilə
bağlı bir çox mühüm məqamlar yer alıb.

I Dövlət Proqramının icrası 2026-ci ilədək həyata
keçirilməlidir.

Proqramda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının
inkişafı üçün hədəf göstəricilər müəyyən edilib:

1. İnfrastruktur
2.İqtisadiyyatın yenidən qurulması
3.Sosial inkişaf
4.Ətraf mühitin balanslı inkişafı

1. İnfrastrukturlayihələri çərçivəsində ərazilərin minalardan və
partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin
olunması həyata keçiriləcək:

● 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi
sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər
partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsi
nəzərdə tutulub. Bu məqsədlə illik planlar hazırlanacaq;

● 2026-cı ilin sonunda Qarabağda 280 min hektar ərazinin
minalardan təmizlənməsi nəzərdə tutulur. 2020-2022-ci illərdə
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 57,6 min ha ərazi
minalardan təmizlənib. 2023-2026-cı illərdə isə 215 min hektar
ərazinin minalardan təmizlənməsi planlaşdırılır;

● Proqrama əsasən, Dövlət sərhədinin müdafiəsi məqsədilə yeni
yaradılan hərbi hissələrin (sərhəd bölmələrinin) maddi-texniki
təminatının gücləndirilməsi, dövlət sərhədindən buraxılış
məntəqələrinin yaradılması və fəaliyyətinin təşkili, Füzuli və
Zəngilan Beynəlxalq Hava Limanlarında və digər ərazilərdə dövlət
sərhədindən buraxılış məntəqələrinin yaradılması nəzərdə
tutulur;

● İnzibati ərazi vahidlərində “Təhlükəsiz şəhər” xidmətinin
təşkili, mərkəzi və yerli icra hakimiyyəti, habelə məhkəmə
hakimiyyəti, o cümlədən prokurorluq orqanlarının inzibati
binalarının və zərurət olduqda, xidməti yaşayış binalarının
tikintisi və.sair bu kimi mühüm infrastruktur layihələrin həyata
keçirilməsi planlaşdırılır.

– Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin
tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı
infrastrukturla təminatın həyata keçirilməsi:

● Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və
ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər
planlaşdırma tendensiyaları nəzərə alınmalıdır;

● Hər bir rayon üzrə yaşayış məntəqələrinin salınacağı
ərazilərin və ona dəstək infrastrukturlarının (yerüstü və yeraltı
ehtiyatlar, əlavə sahələr), xüsusi mühafizə olunan təbiət
ərazilərinin sərhədləri göstərilməklə xəritələri hazırlancaq.

– Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s.
infrastrukturun yenidən qurulması:

● 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş
ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının
tikintisi işlərinə başlanılıb. Həmçinin qısa zaman ərzində
bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu
məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən
nəqliyyat infrastrukturun formalaşdırılmasına start verilib;

● 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi,
onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin
qollarının tikintisi planlaşdırılır. Bundan başqa, Ağdam ‒ Ağdərə
qaz kəmərinin və QTM-in tikintisi, Yevlax‒Naxçıvan magistral qaz
kəməri hissəsinin 720 mm-lik borularla yenidən qurulması,
həmçininin azad olunmuş rayonların daxilindəki böyük yaşayış
məntəqlələrinə qaz kəmərlərinin çəkilməsi, şəhərlərarası
(rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin
qurulması nəzərdə tutulur;

● 2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının
tikintisi həyata keçiriləcək. Zabuxçay su anbarının və ondan
ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti
işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində
12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması
planlaşdırılır;

● Ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflərinin
tətbiqinə dair təkliflər hazırlanması və təsdiq edilməsi nəzərdə
tutulur.

2. İqtisadiyyatın yenidən qurulması çərçivəsində yeni
investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin
formalaşdırılması həyata keçiriləcək:

● İşğaldan azad olunmuş ərazilərdə resursların emal sənayesinin
və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi üçün vergi,
sosial sığorta və digər güzəştlər müəyyən olunması, fəaliyyət
göstərəcək sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə
zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması
nəzərdə tutulur;

● Ərazilərdə fəaliyyət göstərən biznesmenlərə Azərbaycan
Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin
verilməsi, yerli və xarici investisiyanın cəlb edilməsi üçün
tədbirlər görülməsi və yatırılan investisiyaların sığortalanması
mexanizminin yaradılması planlaşdırılır.

– Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın
inkişafının təmin edilməsi:

● Kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin
artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə
müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin
ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə
verəcək;

● Yerli və xarici investisiyanın cəlb edilməsi üçün tədbirlər
görülməsi və yatırılan investisiyaların sığortalanması mexanizminin
yaradılması nəzərdə tutulur;

● Ərazilərdə xammal və materialların idxalı ilə bağlı gömrük və
vergi güzəştlərinin tətbiq olunacağı fəaliyyət istiqamətlərinin
müəyyən edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin
maliyyə resurslarına çıxışı imkanlarının genişləndirilməsi, cəlb
edilmiş resursların maya dəyərinin azaldılması nəzərdə tutulur;

● Xarici ölkələrdəki ticarət nümayəndələri vasitəsilə regionun
imkanları barədə marketinq tədbirlərinin keçirilməsi və müvafiq
təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi
həyata keçiriləcək;

– Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb
olunması:

● Dövlət Proqramında yeni torpaq sahələrinin kənd təsərrüfatı
dövriyyəsinə cəlb olunması, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı
təcrübələrini tətbiq etmək, kənd təsərrüfatının müxtəlif sektorlar
üzrə inkişafının stimullaşdırılması nəzərdə tutulur;

● Kənd təsərrüfatı təyinatlı təbii biçənək, kəndətrafı örüş, yay
və qış otlaqlarında iri miqyaslı geobotoniki tədqiqat işlərinin
aparılması və xəritələşdirməsi, kənd təsərrüfatı dövriyyəsinə cəlb
ediləcək torpaq sahələrinin müəyyən edilməsi və
xəritələşdirilməsinin aparılması planlaşdırılır.

– Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası,
müasir suvarma infrastrukturunun formalaşdırılması:

● Artıq heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan
azad edilmiş ərazilərin təhlükəsiz zonalarına köçürülməsi ilə bağlı
məsələlər icra olunub;

● Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına heyvanların
dislokasiya edilməsi üçün portal modulu yaradılıb. Portaldan 300000
xırdabuynuzlu və 60000 arı ailəsi qeydiyyatdan keçirilib. Həmin
təsərrüfatların köç etməsi üçün müvafiq tədbirlər görülüb;

● Proqrama əsasən, ərazilərin kənd təsərrüfatı potensialından
səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu
formalaşdırılacaq;

● Suvarılan torpaqların suvarma suyu ilə təminatı və su
ehtiyatları ilə bağlı formalaşdırılan məlumatların (sənədlərin)
Elektron Su Təsərrüfatı İnformasiya Sisteminə (ESTİS) davamlı
inteqrasiyası, mövcud su və suvarılan torpaqlar barədə məlumat
bazasının formalaşdırılması, su və suvarılan torpaqlar barədə
məlumat bazasının təkmilləşdirilməsi nəzərdə tutulur;

● Torpaq islahatlarının aparılması ilə bağlı təkliflər verilməsi
planlaşdırılır;

● Əkin (şum), səpin, biçin və yığım texnikasının, digər kənd
təsərrüfatı təyinatlı maşın və avadanlığın güzəştli alışının
dəstəklənməsi

nəzərdə tutulur.

– Məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı
kənd təsərrüfatı təcrübələrinin tətbiqi:

● 2020-ci ildə təqdim olunan torpaq balansı məlumatlarına əsasən
işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpasından
sonra 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə
ediləcəyi proqnozlaşdırılır ki, bunun da təqribən 9 min ha
həyətyanı sahələrdir.

– Yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat
dövriyyəsinə cəlb olunması:

● Proqrama əsasən, təbii ehtiyatların və sosial-iqtisadi
potensialın təsərrüfat dövriyyəsinə cəlb edilməsi
planlaşdırılır.

– Ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail
olunması:

● Dövlət Proqramına əsasən, ərazilərin ölkə və region
iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol
infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından
effektiv istifadə olunacaq. Əhalinin ehtiyacları və bu
infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi
inkişafına mümkün təsirləri nəzərə alınacaq.

– Turizm sektorunun inkişafı:

● Dövlət Proqramında turizm resurslarının qiymətləndirilməsi,
turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyalarının
hazırlanması, turizm əhəmiyyətli ərazilərdə (yerlərdə) turizm
əlaqəli infrastrukturun yaradılması nəzərdə tutulub. İşğaldan azad
edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq,
Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Şuşa rayonu mədəniyyət
və turizm sənayesi, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd
rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi
mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm
potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm
məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı
istiqamətində tədbirlər həyata keçiriləcək;

3.Sosial inkişaf proqramları çərçivəsində dayanıqlı inkişafın
təmin olunması və yaşayış üçün rahat şərait yaradılması nəzərdə
tutulur:

● Dövlət Proqramında qeyd olunub ki, işğaldan azad edilmiş
ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin
daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi,
idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin,
zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və
məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə
kompleks yanaşmanı tələb edir. İlk növbədə, məcburi köçkünlər
arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq
planlaşdırma həyata keçirilir. Bildirilir ki, əhalinin geri
qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik
meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə
uyğun aparılmalıdır;

● Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil
etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və
dayanıqlı infrastrukturla təminatı həyata keçiriləcək;

● Müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış
məntəqələrində təhlükəsiz yaşayışın, yüksək standartlara cavab
verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı
kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin
salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi
nəzərdə tutulur;

● 2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin
köçürülməsi planlaşdırılır.

– Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas
əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi:

● Proqrama əsasən, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli
ixtisasartırma təhsil proqramlarının təşkili, geri qayıdan əhali
arasında ixtisasartırma təhsilinin tətbiqinə dair layihələrin
hazırlanması nəzərdə tutulur;

● Dövlət Proqramı çərçivəsində 1000 nəfərin qısamüddətli
ixtisasartırma, 5000 nəfərin isə qısamüddətli təlim proqramlarına
cəlb edilməsi, ixtisaslı mütəxəssislərin ərazilərdə əmək
fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, ixtisaslı
mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi üzrə
layihələrin həyata keçirilməsi, ərazilərdə əmək bazarının ixtisaslı
işçi qüvvəsinə tələbatının davamlı təmin olunması
planlaşdırılır;

● Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə
xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda
maliyyə institutlarının fəaliyyətinin bərpası istiqamətində
tədbirlər görüləcək;

● Gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq
fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi nəzərdə tutulur.

– Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara
uyğun təmin olunması:

● Qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb
məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili
planlaşdırılır;

● Proqramda qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və
sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata
keçirilməsi, onların əlçatanlığının təmin edilməsi nəzərdə
tutulur;

– Ölkədə mənzil fondunun həcminin artırılması:

● Yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin
inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi
planlaşdırılır.

– Əhalinin məşğulluq imkanlarının artırılması:

● Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının
genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf
siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi
sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv
məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas
vəzifələr sırasındadır;

● İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı
sahəsində sosial xidmətlər şəbəkəsinin (səhiyyə, sosial müdafiə,
mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə
müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili)
yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə
məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə
təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və
yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə
fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və
reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

– Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi:

● Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa
şəhərində DOST Mərkəzinin filiallarının yaradılması nəzərdə
tutulur;

● Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə
məskunlaşacaq əhali üçün layiqli həyat şəraitinin təmin edilməsi
istiqamətində yaşayış məntəqələrində müxtəlif dövlət xidmətlərinə
(“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin
ediləcəkdir.

4. Ətraf mühitin balanslı inkişaf etdirilməsi çərçivəsində ətraf
mühitin mühafizəsinin təmin olunması nəzərdə tutulur:

● Ərazilərin iqtisadi-coğrafi potensialından səmərəli istifadə
olunmaqla ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması
məqsədilə müasir şəhərsalma prinsipləri əsasında bölgənin inkişaf
etdirilməsi istiqamətində tədbirlər görüləcək;

● Proqramda bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf
mühitin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin etibarlı
mühafizəsini və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə
tutulub;

● Bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq
infrastrukturun yaradılması, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün),
Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın
rayonları üzrə 9 poliqon ərazisinin müəyyən edilməsi
planlaşdırılır.

– Təbii ehtiyatlardan effektiv istifadə:

● Dövlət Proqramında “Qarabağın təbii ehtiyatlar atlası”nın
hazırlanması, təbii ehtiyatların siyahılaşdırılması, təbii
ehtiyatların ilkin elektron xəritəsinin hazırlanması və atlasın
tərtib edilməsi, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin
yaradılması, mövcud sahələrin genişləndirilməsi və ya statuslarının
dəyişdirilməsi, Bəsitçay Dövlət Təbiət Qoruğunda infrastrukturun
yaradılması nəzərtə tutulur.

– Bərpa olunan enerji mənbələrindən istifadənin
genişləndirilməsi:

● Proqramda bərpa olunan enerji mənbələrindən istifadəyə
əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji”
zonasının yaradılması, günəş və külək elektrik stansiyalarının
tikilməsi, yararsız hala salınmış kiçik su elektrik stansiyalarının
(KSES) bərpası nəzərdə tutulub.

– “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası”
konsepsiyalarının tətbiqinin təşviqi:

● I Dövlət Proqramı çərçivəsində Yaşıl Enerji Zonası Nümayiş
Pavilyonunun yaradılması planlaşdırılır;

● Məskunlaşma zamanı enerji səmərəliliyinin təmin edilməsi
istiqamətində təkliflər hazırlanması, bərpa olunan enerji mənbələri
hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə
inteqrasiyası üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur;

● Enerji istehlak edən və enerji istehlakına təsir edən
cihazların, avadanlığın və materialların seçimi zamanı enerji
səmərəliliyinin nəzərə alınması üçün təkliflər hazırlanması, küçə
və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl”
texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi,
tikinti qurğularında enerji səmərəli “yaşıl” texnologiyaların
tətbiqinə dair tələblərin müəyyən edilməsi, nəqliyyat vasitələri
üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının
dəstəklənməsi ilə bağlı layihələr həyata keçiriləcək.

Qeyd edək ki, bu yazıda I Dövlət Proqramı çərçivəsində icrası
nəzərdə tutulan işlərin bir hissəsi təqdim olunub.

Xüsusi vurğulanmalıdır ki, sözügedən Dövlət Proqramı yalnız
Qarabağ və Şərqi Zəngəzuru əhatə edəcək. Bu baxımdan, Proqramın
miqyası bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında
qəbul edilən inkişaf proqramlarından qat-qat genişmiqyasıdır.

Həmçinin əsas diqqətçəkən məqamlardan biri Azərbaycanın
Proqramda yer alan layihələri öz daxili imkanları hesabına həyata
keçirməsidir.

Ümumilikdə Böyük Qayıdışa dair l Dövlət Proqramı Prezident İlham
Əliyevin 44 günlük Vətən Müharibəsindən sonra söylədiyi “Biz
Qarabağı dirçəldəcəyik” şüarının əməldə təsdiqidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir