Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək – Corc Dik (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli
münasibətlərə böyük təkan verəcək.

Bunu şənbə günü Trend-ə müsahibəsində İsrailin Azərbacandakı səfiri
Corc Dik deyib.

“Qeyd etmək lazımdır ki, bu qərar əsasən Azərbaycan
rəhbərliyinin qətiyyətinin və hər iki tərəfin dostluğunun
möhkəmləndirilməsi işinə sadiqliyinin nəticəsidir”, – səfir
deyib.

C.Dik bildirib ki, Azərbaycan İsraillə tərəfdaşlıq səviyyəsinin
yüksəldilməsi üçün böyük addım atıb.

“İsraildə səfirlik açılması barədə tarixi qərar çox böyük rəmzi
xarakter daşıyır: bu, dünyaya iki ölkə arasında qürur mənbəyi olan
xüsusi dostluğun inkişaf etməsi və çiçəklənməsini hədəflədiyimiz
barədə ismarıcdır. Səfirliyin açılması dövlət sektorundan ictimai,
işgüzar və mədəniyyət sektorunadək münasibətlərimizi
genişləndirməyə imkan verəcək”, – deyə o bildirib.

Səfir hesab edir ki, bu addım həm də turizm, ticarət və
mədəniyyət sahələrində praktiki əhəmiyyət daşıyır.

“Artıq Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi olacaq, bu
isə İsraildə birbaşa görüşlər və danışıqlar keçirməyə imkan
verəcək. Azərbaycanlı rəsmi şəxslər İsrailin texnologiya,
innovasiya və kənd təsərrüfatı şirkətlərinin nümayəndələri ilə
görüşlər keçirsələr, həmin şirkətlərin azərbaycanlı tərəfdaşlarla
əlaqələrini təmin etsələr, nümayəndə heyətlərinin səfərlərini
təşkil etsələr və ticarətin çiçəklənməsinə xidmət etsələr, iki
ölkənin nələr əldə edə biləcəyini təsəvvür edin. Azərbaycan
mədəniyyəti də öz növbəsində müntəzəm olaraq İsrail ictimaiyyətinə
təqdim olunacaq və mədəni əlaqələrimiz möhkəmlənəcək. Turizm də,
əlbəttə ki, bundan qazanclı çıxacaq, biz artıq hər il turist
axınının artmasını görürük. Texnologiyalar və kənd təsərrüfatı ilə
yanaşı, mən həm də səhiyyə, bərpa olunan enerji və “ağıllı”
şəhərlər sektorunda potensial görürəm”, – deyə səfir əlavə
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir