Böyük Qayıdışa dair I Dövlət Proqramı azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə
yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin
edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz
doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər
və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş
etmiş oldu.

Məsələ ilə bağlı Trend-in sualını cavalandıran Milli Məclisin
deputatı Sevinc Hüseynova bildirib ki, Proqramın təsdiq edilməsi
xalqına 30 illik həsrətdənm sonra qələbə sevincini yaşadan Ali Baş
Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş
ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ
və Şərqi Zəngəzurun cənnətə çevirməklə bağlı sözlərin əməli
təzahürüdür.

“Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir
hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər
tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal
dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər
yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə
dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz
talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub,
bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin
düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun
şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız
işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə
yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki,
ərazilərin minalardan və partlamamış hərbi sursatlardan
təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir.
Bununla yanaşı həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət
infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin
qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində
layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam
edir. Təbii ki, hədəf Azərbaycanın bu ərazilərini çiçəklənən diyara
çevirməkdir”, – deyə deputat bildirib.

O qeyd edib ki, azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin
edilməsi ölkəmizin 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri
kimi müəyyən olunub və uğurla həyata keçirilməkdədir.

“Bu milli prioritetlər əsasında tərtib olunmuş Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf
Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm
yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal
trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud
vəziyyət, hədəf, göstəricilər, Dövlət Proqramının məqsədləri,
prioritet istiqamətləri, maliyyələşmə mənbələri, monitorinq və
icrasının qiymətləndirilməsi, tədbirlər planı və digər mühüm
məsələlər yer alıb. Bu proqram 30 ildir doğma yurd həsrəti ilə
yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin
edilməsi istiqamətində çox mühüm sənəddir”, – deyə deputat əlavə
edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Trend-ə deyib ki,
tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda
duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi
Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin,
mürəkkəb, eyni zamanda, müqəddəs bir vəzifədir.

O qeyd edib ki, artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə
tutumuna malik çox böyük yol-kommunikasiya,enerji və infrasturktur
layihələri həyata keçirilib və keçirilməkdir.

“Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi
zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə
alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad
olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının
təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı
haqqında” sərəncam imzaladı.

Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi
səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı
konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram
üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə
turulur, eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə
aparacaq qurum müəyyənləşdirilir.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün
keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını
sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi
potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”, – deyə o
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir