Britaniya Ukraynaya yeni hava hücumundan müdafiə paketi təqdim edəcək – Sunak

Bakı. Trend:

Böyük Britaniya Ukraynaya yeni hərbi hava hücumundan müdafiə
yardımı paketi verəcək, bu paketə 120 xüsusi zenit silahı və
pilotsuz uçuş aparatları daxildir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş
naziri Rişi Sunak Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə
danışıqlardan sonra deyib.

O, İngiltərənin təkcə bu il Ukraynaya 2,3 milyard funt
sterlinqdən çox hərbi yardım etdiyini xatırladıb və Birləşmiş
Krallığın gələn il də hərbi yardımını davam etdirəcəyinə əmin
edib:

“Bu gün biz 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş
aparatları da daxil olmaqla yeni havadan müdafiə yardımı təqdim
edirik”, – deyə R.Sunak bildirib.

O, həmçinin bildirib ki, Britaniya Ukrayna hərbçiləri üçün təlim
proqramlarını genişləndirir və hərbi həkimlər və hərbi mühəndislər
hazırlayacaq. Bundan əlavə, Birləşmiş Krallıq Ukrayna ordusu üçün
xüsusi qış avadanlıqları, həmçinin ümumi dəyəri 16 milyon funt
sterlinq olan humanitar yardım təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir