FHN pozuntular aşkarlanmış tikinti işlərinin qarşısını alıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
ölkə ərazisində bina və qurğuların layihələndirilməsi, tikintisi,
yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi
norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin
etmək, habelə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinin yerinə yetirilməsini yoxlamaq
məqsədilə tikinti obyektlərində mütəmadi olaraq monitorinqlər
keçirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bu çərçivədə
Dövlət Yanğın Nəzarəti Xidmətinin (Xidmət) apardığı monitorinqlər
zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi
qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə
rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin
aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti
işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı
dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi,
elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi
zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və
digər ciddi qayda pozuntuları aşkar edilir. Təəssüflə qeyd
edilməlidir ki, belə tikinti obyektlərində yanğın baş verdiyi
halda, adətən ilkin müdaxilə də böyük çətinliklərlə müşayiət
olunur, habelə inşaat işləri yekunlaşdıqdan sonra bir sıra
çatışmazlıqların aradan qaldırılması texniki cəhətdən qeyri-mümkün
olduğundan istismar müddətində baş verən yanğınlar faciələrə yol
açmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, Xidmət tərəfindən yanğın
təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan
qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin
görülməsi, o cümlədən inşaat işlərinin dayandırılması tədbirləri
həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə
məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat
işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına
ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları
aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt
tədbirlərin görülməsi təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir