Bu gün Ağdamın işğaldan azad olunmasından 2 il ötür

Bakı. Trend:

Bu gün Ağdamın işğaldan azad olunmasından 2 il ötür.

Trend-in məlumatına görə, Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan
Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri
və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli
Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə
təhfil verilib.

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə
Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin
mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni
səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz
nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat
kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi.
Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə
rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871
nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz
doğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri
var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın
türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid
Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi
Ağdam rayonu ərazisində yerləşir.

Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu,
Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq
işlərinə başlanılıb. İşğaldan azad olunduğu bir il müddətində
Ağdamda müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və
yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan
Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl
şəhərlərindən birinə çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı
hazırlanaraq təqdim edilib və bu planın həyata keçirilməsi
istiqamətində işlər davam etməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir