Kikboksinqçilərimiz Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatını 17 medalla başa vurublar

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa
çempionatı başa çatıb.

Azərbaycan Kikboksinq Federasiyasından Trend-ə bildiriblər ki,
yarışın son günündə millimizin gənc üzvü Amin Quliyev “Low kick”
versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər
arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli
A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib
gəlib.

Digər finalçılarımız – Nihad Tağızadə (Low kick, 51 kq), Amil
Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57
kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə
kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və
Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.

İdmançılarımızdan Avropa çempionu Amin Quliyev Səudiyyə
Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa
üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş
tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış
kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında
keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü
qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir