Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib

Bakı. Trend:

Noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat
Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul
edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim
etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli
Assambleyada müzakirəyə çıxarılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsidən bu gün Trend-ə verilən
məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan
Fransa dövləti 30 il ərzində Azərbaycan həqiqətlərinə ikili
standartlar əsasında yanaşıb, anti-Azərbaycan qərar və bəyanatları
ilə fərqlənib. Fransa Senatında qəbul olunan və Milli Assambleyada
müzakirəyə çıxarılacaq son qətnamə də uzun illər davam edən
münasibətin nəticəsidir. Sözügedən qətnamə layihəsi gündəmə gələn
ilk gündən dünya azərbaycanlıları buna etiraz etmək məqsədilə
səfərbər olaraq qüvvələrini birləşdirib. Bununla bağlı bəyanatlar
yayılıb (Azərbaycan icmasının bəyanatı
http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-fransa-senatina-teqdim-olunan-qetname-layihesine-keskin-etirazini-bildirib-1909;
Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamberin
bəyanatı
http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-assosiasiyasinin-prezidenti-fransali-senatorlari-bednam-qetnameye-ses-vermemeye-cagirib-1928),
Fransanın https://www.lagazetteaz.fr xəbər saytında “Fransa xalqı
Senatda Azərbaycana qarşı qətnamə layihəsi əleyhinə səfərbər
olunur” sərlövhəli məqalə dərc olunub (http://diaspor.gov.az/az/news-detail/fransa-mediasinda-xalqin-azerbaycana-qarsi-qetname-layihesinin-eleyhine-olmasindan-behs-edilib-1935),
sosial şəbəkələrdə kampaniyalar keçirilib. Buna misal olaraq bütün
senatorların rəsmi elektron ünvanlarına 418 müraciət göndərilib,
348 senatorun “Twitter” hesabları vahid həştəqlə işarələnərək
erməni yalanlarına uymamaq, təcavüzkar ölkəni dəstəkləməmək və
Azərbaycana qarşı obyektiv olmaq çağırışları edilib (https://twitter.com/hashtag/StopHypocrisy?src=hashtag_click),
“Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrində minlərlə
paylaşımlar olunub (https://twitter.com/hashtag/StopHypocrisy?src=hashtag_click).
Aparılan “Twitter” kampaniyası nəticəsində azərbaycanlıların haqq
səsi təkcə bir gün ərzində 45 min fransıza çatdırılıb. Bu
paylaşımlarda Fransa və fransızların Azərbaycan həqiqətləri –
Xocalı soyqırımı, Oxçuçayın çirkləndirilməsi, Azərbaycan
ərazilərinin minalarla çirkləndirilməsi, Azərbaycanla dövlət
sərhədində Ermənistanın təxribatları kimi mövzulara səssiz
qalmaması və bundan sonra ikili standartlardan kənar həssas yanaşma
nümayiş etdirmək tələb olunub.

Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri
Senatın binası qarşısında icazəli piket keçiriblər (piketin tam
orijinal versiyasını buradan izləmək olar: https://youtu.be/rv-otEZk_vM).

Son illər Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində
Azərbaycan diasporunun sıralarında və fəaliyyətində keyfiyyət
dəyişikliyi baş verib. Uğurlu islahatlar nəticəsində artıq 50-dən
çox ölkədə sistemli və müntəzəm diaspor fəaliyyəti təşkil edilib,
dünyanın 40-a yaxın ölkəsini və 140-dan çox diaspor təşkilatını
əhatə edən Azərbaycanlıların 15 Koordinasiya Şurası fəaliyyət
göstərir, dünya ölkələri üzrə Azərbaycan Evlərinin sayı 19-a çatıb.
İstər pandemiya, istərsə də Vətən müharibəsi dövründə dünyanın
müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz fəaliyyətləri ilə
Azərbaycan dövlətinə və onun Liderinə dəstək olublar. 44 günlük
müharibə dövründə Komitənin koordinasiyası ilə 300-ə yaxın diaspor
təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar
müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament
üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər
beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərib.
Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif
ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər
birbaşa təqdim olunub, diaspor nümayəndələri xarici TV-lərdə 98
dəfə canlı yayıma qatılıblar. Dünyanın 60 ölkəsindən minlərlə
soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunub,
diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc
etdiriblər. Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198
tədbir keçirilib, onların da 111-i aksiya, yürüş, avtoyürüş
olub.

Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki
Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən
təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini
hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir.

Təbliğat işlərinin, keçirilən etiraz piketlərinin mahiyyətinə
kölgə salmaq istəyən, düşmən dəyirmanına su tökən bəzi
“vətənpərvər” müxalif qüvvələr çirkin məqsədlərini yenidən ortaya
qoyur, sosial mediada heç bir faktoloji əsası olmayan məlumatlar
yaymaqla həmvətənlərimizi yanıltmağa, dövlətimizin beynəlxalq
arenadakı uğurlarına xələl gətirməyə çalışırlar. Bununla da
Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların
iştirakçısına çevrilirlər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi heç bir xarici
ölkədə kütləvi aksiyaların təşkilatçısı olmayıb, lakin Azərbaycanın
haqq səsini və ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmağa
çalışan, istənilən zamanda güc birliyi və bərabərlik nümayiş
etdirən bütün soydaşlarımıza dəstək durur, təşəkkür edir, onlarla
fəxr etdiyimizi və bundan sonra da davamlı olaraq onların yanında
olacağımızı bildiririk.

“Əziz soydaşlar!

Noyabrın 28-də Azərbaycana qarşı bədnam qətnamənin Fransa
parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə
çıxarılacağını nəzərə alaraq Sizləri bir daha səfərbər olmağa,
Azərbaycanın haqq səsini və ədalətli mövqeyini Assambleya üzvlərinə
çatdırmaq üçün qüvvələrinizi birləşdirməyə və yaşadığınız ölkənin
qanunvericiliyinin tələblərinə uyğun olaraq öz münasibətinizi
bildirməyə çağırırıq. Biz birlikdə güclüyük!”, – məlumatda
deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir