Erkən doğumun yaranma səbəbləri və qarşısının alınması yolları – Müsahibə

Bakı. Trend:

Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, belə uşaqların
təxminən 90 faizi 28 həftəsindən daha tez doğulur. Avropa
Yenidoğulmuş Körpələrə Baxım Fondunun hesabatına görə, 1990-cı illə
müqayisədə vaxtından əvvəl doğumun nisbəti təxminən beş faiz
azalıb. Belə ki, 1990-cı ildə bu rəqəm 16,06 milyon, 2019-cu ildə
15,22 milyona çatıb. Həmçinin, 1990-cı il ilə müqayisədə belə
körpələr arasında ölüm halları da azalıb.

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin
həkim-ginekoloqu Gülnar Nuriyeva bu mövzuda suallarımızı
cavablandırıb.

-Gülnar həkim, erkən həftələrdə doğumun səbəbləri nədir
və bu riskləri necə qarşılamaq olar?

Əsasən döldə və ya anada olan tibbi problemlər bu cür doğumlara
səbəb ola bilər. Ananın yaşı çox olduqda, yaxud da erkən evlilik
olduqda bu zaman belə arzuolunmaz hal baş verə bilər. Bundan başqa,
ananın mövcud xəstəlikləri də erkən həftələrdə doğuma səbəb olur.
Uşaqlıq boynunun qısalığı, yüksək təzyiq, şəkər xəstəliyi də erkən
həftələrdə, vaxtından əvvəl doğuma səbəb olur. Bundan başqa, ananın
ürək xəstəliyi varsa, bu zaman da hamiləlik erkən müddətdə
sonlandırılır. Dünyada təxminən 10 faizədək uşaqlar erkən
doğulur.

Xromoson anomaliyalar zamanı isə biz hansısa müdaxiləni edə
bilmirik. 24-27 həftəlik erkən doğumlarda demək olar ki, çox az
müdaxilə etmək mümkündür. Bu körpələr 500-700 qram olur və ölüm
riski yüksək olur. 27-34 həfətlik doğulanlarda beyinə, bağırsaqlara
qan sızma baş verə, müəyyən göz xəstəlikləri yarana bilir. Doğuma
yaxın olan – 34-37 həftəlik doğulan körpələrin anomaliyaları, ölüm
riski daha azdır. Erkən doğum riski varsa, bu zaman ağciyərlərin
genişlənməsi üçün anaya iynə vurulur. Belə olada həyati risk daha
da azalır. Qız döllərlə müqayisədə erkək döllərin vaxtından əvvəl
doğum riski daha yüksəkdir.

– Gülnar həkim, diş xəstəlikləri də daha erkən doğuma
səbəb olur?

-Diş və diş əti xəstəlikləri də erkən doğuma səbəb olan amillər
sırasındadır. Belə ki, diş əti xəstəlikləri infeksiyalara səbəb
olur. Qadınlara hər zaman israrla xəbərdarlıq edirik ki, hamiləlik
boyunca heç bir problem olmazsa belə, diş əti və sidik yolu
infeksiyaları bədəndə iltihablaşmanı artırır, dölyanı su artır və
bu da erkən həftələrdə doğuma səbəb ola bilər. Belə ki, diş və diş
əti xəstəlikləri olan qadınların erkən doğum riski artır.

– Gülnar həkim, belə halların baş verməməsi üçün nələrə
diqqət etmək lazımdır?

-Ana hamilə qalmadan ümumi müayinədən keçməlidir. Planlı
hamiləlik üçün normal çəki tövsiyə olunur. Nə çox az çəki, nə də
artıq çəki hamiləliyi planlaşdırmaq üçün tövsiyə olunmur. Yəni,
çəki faktoru da erkən doğuma səbəb ola bilər. Hamiləlikdən öncə
endokrinoloji xəstəliklər, ürək, qan-damar sisteminin xəstəlikləri
öyrənilməlidir, müalicə olduqdan sonra hamiləlik
planlaşdırılmalıdır.

Bundan başqa, təyin olunan vatxda həkim müayinələrinə getmək
tövsiyə olunur. Bu zaman yarana biləcək problemlər daha tez,
vaxtında aşkarlanacaq. Yarana biləcək ən xıda problemə görə də
vaxtında müdaxilə lazımdır.Hansısa risk varsa, bu zaman doğumu daha
peşəkar, yüksək ixtisaslaşmş həkim qrupu həyata keçirməli və doğum
yüksək ixtisaslaşmış bir xəstəxanada reallaşdırılmalıdır. Əks halda
belə körpələrin həyat risklərini 50 faizədək artırmış oluruq. Əgər
başqa, xəstəxanada doğum reallaşıbsa, bu zaman küveyzlə uşağı başqa
xəstəxanaya aparmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir