Gömrük Akademiyası Avropa İttifaqı CEPOL TOPCOP layihəsinin beynəlxalq təlimində təmsil olunub (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Avropa İttifaqının
(Aİ) Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ
Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi
“Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı”
(TOPCOP) layihəsinin beynəlxalq təlimində təmsil olunub.

Beş Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində (Azərbaycan, Ukrayna,
Gürcüstan, Moldova, Ermənistan) həyata keçirilən, 2020-2024-cü
illəri əhatə edən TOPCOP layihəsi çərçivəsində Milli Əlaqələndirici
Şəxslər və Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxslər
fəaliyyət göstərir. Onlar üçün layihənin “Potensialın
Gücləndirilməsi Şəbəkəsi” (PGŞ) fəaliyyət komponenti daxilində hər
il CEPOL tərəfindən iclas və təlim təşkil olunur.

Növbəti (3-cü) PGŞ təlimi Macarıstanın Budapeşt şəhərində,
Beynəlxalq Təlim Mərkəzində CEPOL tərəfindən keçirilib. Gömrük
Akademiyasının beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru
Elvin Mecidov TOPCOP layihəsi çərçivəsində Potensialın
Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxs qismində təlimdə iştirak
edib. Azərbaycan ilə yanaşı təlimə ŞT ölkələrinin hüquq-mühafizə
orqanlarının ümumilikdə 12 nümayəndəsi qatılıb.

Təlimin məqsədi layihə çərçivəsində “təlimçilərin təlimi”
metodologiyasının və “kaskad üsulu” ilə regional təlim biliklərinin
ötürülməsi (təlimlərin kaskadlaşdırılması) konsepsiyasının
müzakirəsi, inkişaf etdirilməsi və ilkin olaraq təsdiqlənməsi olub.
Onun üçün keçirilmiş təlim sessiyaları iştirakçılara təlim
kurrikulumlarının hazırlanması, təlimin kaskadlaşdırılması, Aİ-də
mövcud təlim sistemləri, kaskadlaşdırma üsulları haqqında geniş
məlumatlar təqdim edib. İclasda həm də tərəfdaş ölkələrin və Aİ-nin
təlim praktikaları, 2023-cü il üzrə TOPCOP layihəsinin milli,
regional və sub-regional təlim planının formalaşdırılması məqsədilə
yeni kriminal təhdidlər, təhlükəsizlik çağırışları müzakirə
edilərək onlardan qaynaqlanan təlim prioritetləri və mövzular
müəyyənləşdirilib.

Panel sessiyalarında isə “e-learning” (elektron tədris)
sistemləri, potensial və imkanları, mövcud “e-learning” inkişaf
ehtiyacları müzakirə edilib. Elvin Mecidov Azərbaycanda gömrük
sahəsində təlim sistemi, e-learning imkanları, yeni təlim
ehtiyacları və onlara müvafiq təkliflər barəsində çıxış edib.
Gömrük sahəsində təlim potensialının gücləndirilməsi, yeni
prioritet təlim mövzuları TOPCOP layihəsinin 2023-cü il təlim
planının layihəsinə CEPOL tərəfindən daxil edilib.

Xatırladaq ki, Akademiya 2021-ci ilin may ayından etibarən
TOPCOP layihəsinin tərəfdaş qurumudur. Layihə fəaliyyətləri gömrük
sahəsində təlim potensial və imkanlarının gücləndirilməsi və
Azərbaycanda gömrük xidməti orqanlarının mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına
xidmət edir. Layihənin milli əlaqələndirici qurumu Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyidir (DİN). Layihə
çərçivəsində iki qurumda – DİN Polis Akademiyası və DGKA-da
Potensialın Gücləndirilməsi üzrə Əlaqələndirici Şəxslər təyin
edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir