Kərim Vəliyev NATO-nun Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “NATO
günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq
Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral
Qunnşteyn Brusdal ilə görüşüb.

Qonağı salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə
NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan
Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları
çərçivəsində fəal iştirakını qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Vətən
müharibəsində qazanılan qələbənin əhəmiyyətini xüsusi vurğulayan
Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərdə
postmüharibə dövründə görülən işlər barədə danışıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri,
həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət
istiqamətləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları
Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının
bölmələrimizin hazırlığına verdiyi töhfəni yüksək
dəyərləndirib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən kontr-admiral
Q.Brusdal, Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı
tərəfdaşı olduğunu xüsusi vurğulayıb, ölkəmizin terrorizmə qarşı
mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi
qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə
beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı
yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir