Mərkəzi Bank fiziki və hüquqi şəxslərin sığorta barədə məlumatlandırılmasına yönəlmiş uzunmüddətli layihə həyata keçirir – Departament direktoru (FOTO/VİDEO) (Müsahibə)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı fiziki və hüquqi şəxslərin sığorta
barədə məlumatlandırılmasına yönəlmiş uzunmüddətli layihə həyata
keçirir.

Bunu bazar ertəsi Trend-ə eksklüziv müsahibəsində Azərbaycan
Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin
direktoru Vüsal Qurbanov deyib.

“Mərkəzi Bank sığorta sektorunun inkişafı üzrə bir neçə
layihələri həyata keçirir. Bu layihələrdən biri də əhalinin və
sahibkarlıq subyektlərinin risklər və sığorta xidmətlərinin
üstünlükləri barədə məlumatlandırılmasıdır. Burada söhbət ilk
növbədə vətəndaşların və sahibkarlıq subyektlərinin üzləşə biləcəyi
risklər haqqında agah olmasından , habelə sığorta hadisəsi baş
verdikdə maliyyə itkisinə məruz qalmamaları üçün onların
sığortalanmasının mümkünlüyündən gedir. Bu istiqamətdə işimiz ölkə
əhalisini mümkün qədər məlumatlandırmaqdır. Qeyd edim ki, Mərkəzi
Bank, İcbari Sığorta Bürosu və Sığortaçılar Assosiasiyası bütün bu
komponentləri əhatə edən birgə layihəyə start verib” – deyə o
bildirib.

V.Qurbanov qeyd edib ki, bu maarifləndirmə tədbirlərinə
başlamazdan əvvəl layihə çərçivəsində müəyyən qrup fiziki və hüquqi
şəxslər arasında müvafiq sorğu keçirib.

“Bu iş bizə sığorta və risk məlumatlılığının ilkin
qiymətləndirilməsini aparmağa, həmçinin fiziki şəxslərin və
sahibkarlıq subyektlərinin məlumatlandırılmasının hansı istiqamətdə
davam etdirməli olduğumuzu müəyyən etməyə imkan verdi. Təbii ki, bu
layihə mərhələli şəkildə və uzunmüddətli əsaslarla həyata
keçirilir”, – o deyib.

O, həmçinin bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sığortası
həm könüllü, həm də icbari əsaslarla həyata keçirilir.

“Fiziki şəxslərin və sahibkarlıq subyektlərinin daşınmaz
əmlakının icbari sığortası ilk növbədə onların maliyyə
dayanıqlığının təmin edilməsinə yönəlib. Bundan əlavə, daşınmaz
əmlakın sığortası həm yaşayış, həm də qeyri-yaşayış sahələrini
əhatə edir. Əhalinin sığorta sektoru haqqında məlumatlandırılması
istiqamətində aparılan davamlı işlərin nəticəsində ölkədə daşınmaz
əmlakın icbari sığortası sahəsində artım müşahidə olunur. Bununla
yanaşı Mərkəzi Bank hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu
sahədə müxtəlif islahatların aparılması istiqamətində işləri davam
etdirir. Həmçinin bu sığorta növü üzrə sığorta müqavilələrinin
sığortalılara elektron formada təqdim edilməsini,və proseslərin
avtomatlaşdırılmasını təmin etmək üçün İcbari Sığorta Bürosunun
elektron informasiya sistemi ilə müvafiq dövlət qurumlarının
elektron informasiya sistemlərinin inteqrasiyası üçün lazımı hüquqi
baza formalaşdırılmış. Bu təşəbbüslərin həyata keçirilməsindən
sonra biz əminik ki, bu sığorta xidmətinə əlçatanlıq artacaq və
sığortalanma prosessləri effektiv şəkildə həyata keçiriləcək “, –
V.Qurbanov vurğulayıb.

O xatırladıb ki, 2022-ci il noyabrın 1-dən Azərbaycanda
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərinin
alınması qaydalarına dəyişiklik edilib.

“Bu sığorta növü üzrə xidmət səviyyəsinin artırılması məqsədi
ilə biz müvafiq dəyişikliklər etdik və bu dəyişikliklər noyabrın
1-dən qüvvəyə minib. Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir
ki, sığorta hadisəsi zamanı zərərçəkmiş şəxs kompensasiyanın
ödənilməsi üçün ona zərər vurmuş tərəfin sığorta şirkətinə deyil,
özünün sığorta şirkətinə müraciət edir. Bu dəyişikliklər beynəlxalq
təcrübəyə əsaslanır və onu tətbiq etməzdən əvvəl biz bu yeniliyin
bazara necə təsir göstərə biləcəyini diqqətlə təhlil etmişik.
Bundan əlavə, sığorta şirkətinin seçilməsi meyarlarını müəyyən
etmək üçün Mərkəzi Bankın saytında şikayətlər indeksini dərc
etmişik. Bu, həmin sığorta növü üzrə konkret sığorta şirkətinin
müştərilərə xidmətinin keyfiyyətini müəyyən etməyə imkan verəcək və
vətəndaşların sığorta şirkəti seçməsini asanlaşdıracaq, sığorta
şirkətlərinin özləri üçün isə müştərilərə xidmətin
təkmilləşdirilməsi üçün əlavə stimul yaradacaq”, – deyə o
bildirib.

V.Qurbanov, həmçinin bildirib ki, nəqliyyat vasitələri mülki
məsuliyyətinin icbari sığortası üzrə Mərkəzi Bank tənzimləmə və
idarəetmə üçün yeni yanaşma, qaydalar və mexanizmlər işləyib
hazırlayıb.

“nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə xidmətlərin göstərilməsinin keyfiyyətini artırmaq
üçün Mərkəzi Bank yeni qaydalar və idarəetmə mexanizmləri
hazırlayıb. Bunlar aşağıdakı risklərə əsaslanır: sürücünün yaşı və
təcrübəsi, avtomobilin istismar müddəti, nəqliyyat vasitəsini idarə
etməyə icazə verilən şəxslərin sayı, avtomobilin əsasən olduğu
ərazi. Həmçinin, sığortalının sığorta tarixini nəzərə alaraq
nəqliyyat vasitələri mülki məsuliyyətinin icbari sığortası üzrə
sığorta haqqının hesablamaqda istifadə olunan bonus-malus endirim
sistemini qeyd etmək lazımdır. Əgər sürücü nəqliyyat vasitəsini
qəzasız idarə edirsə, ona sonrakı sığorta zamanı bonuslar
(endirimlər), sığorta hadisəsi baş verdikdə isə malus tətbiq
edilir. Bu sistem hazırda real vaxt rejimində işləyir, yəni sığorta
hadisəsi baş verdikdə dərhal günahkar şəxsə malus tətbiq edilir..
Bütün bu işlər üçüncü şəxslərə dəyən ziyanı minimuma endirmək və
nəqliyyat vasitələrinin idarəetməsində təhlükəsizliyini təmin etmək
məqsədilə həyata keçirilib”, – deyə o bildirib.

Yekunda V.Qurbanov əlavə edib ki, Mərkəzi Bank sığorta
sektorunun inkişafı sahəsində bir sıra islahatlar həyata
keçirir.

“Rəqəmsallaşma operativliyi, şəffaflığı artırır, həmçinin
proseslərin avtomatlaşdırılmasına gətirib çıxarır. Hesab edirik ki,
bu təşəbbüslərin həyata keçirilməsi sığorta xidmətlərinin
əlçatanlığını artıracaq. Sığorta sektoru sahəsində digər layihəmiz
sığortaşirkətlərinin bazar davranışlarının qabaqcıl beynəlxalq
standartlara uyğun tənzimlənməsidir. Həmçinin sığorta hadisəsi baş
verən zaman sığortalılarla sığorta şirkəti arasında yaranan
mübahisələrin minimuma endirilməsi və problemlərin effektiv
tənzimlənməsi layihə çərçivəsində həyata keçiriləcək
prioritetlərdəndir. Bu istiqamətdə biz müstəqil ekspertlərin
fəaliyyətinin gücləndirilməsi və müvafiq islahatların aparılması, o
cümlədən qanunvericilik bazasına dəyişikliklərin edilməsini icra
edirik. Layihələrimizdən biri də risk əsaslı tənzimləmə və nəzarətə
keçid layihəsdir. Bu layihə daxilində sığortaçıların maliyyə
dayanıqlığının ölçülməsinin risk əsaslı meyarlara istinad etməsi,
onların korporativ idarəetmə standartlarının beynəlxalq
standartlara uyğunlaşdırılması və ictimaiyyətə açıqlanan
məlumatların çərçivəsinin beynəlxalq təcrübəyə uyğun təmin olanması
əhatələndirilməkdədir.

Biz sığorta şirkətlərinin kadr potensialının gücləndirilməsinə
də xüsusi diqqət ayırırıq. Bu istiqamətdə sığorta sahəsində
qabaqcıl beynəlxalq tədris qurumları ilə əməkdaşlığımız davam
etməkdədir. “, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir