Prezident İlham Əliyev: Bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur

Bakı. Trend:

Bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev noyabrın 21-də
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı
zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici
dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da
həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil
edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır.
Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin
üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə
aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici
borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər
endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta
ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir
ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur.
İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı
mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə
azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa
qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran
məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə
üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm
ki, bu gün aparılan iqtisadi islahatlar – strateji xətt üzrə
aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar
verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza
yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü
iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O
ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki,
beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq
müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman
istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks
etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə
təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi
güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin
təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün
dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən
mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti
illərdə bu sahədə istədiyimizə nail olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir