Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart
Tokayevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə,
məktubda deyilir:

Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar
seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən
təbrik edirəm.

Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və
etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı
yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər,
dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan
dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu
gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı
hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla
zənginləşməsi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq
əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran
əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda
səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının
rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar
diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir