Prezident İlham Əliyev: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim
dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə
görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün
münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar
və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı
qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz
qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev noyabrın 21-də
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı
zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu
haqda çox danışmaq olar, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək
istəyirəm. Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu
ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr
seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir
il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik. Biz
İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində,
o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət
göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim
dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir
daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın
üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia
qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan
ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük
təxribatdır və böyük cinayətdir.

Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər.
Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki,
Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni,
bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız
Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim
etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət
mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz
problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki,
oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs
bunu görür, hər kəs bunu bilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir