Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca
Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli
Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb.

Trend xəbər verir ki, Milli Məclisin sədri Milli Assambleyanın
sədrini salamlayaraq, Azərbaycanla Vyetnam arasında dostluq
münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında
diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu
illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib.
Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək
səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın beynəlxalq
əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə
çıxış etdiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri olan
Azərbaycanın Hərəkatın Parlament Şəbəkəsinin yaradılması
təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəkləndiyini bildirib.
Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2021-ci ilin
noyabrında Madriddə keçirilən təsis konfransı və bu ilin 30 iyun –
1 iyul tarixlərində Azərbaycanda keçirilən Bakı Konfransı haqqında
geniş məlumat verib. Sahibə Qafarova deyib ki, Bakı konfransında
40-dan çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak
edib. Vyetnam Milli Assambleyasının üzvü Madriddə keçirilən təsis
konfransında iştirak edib.

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin növbəti Konfransının gələn ilin martında
Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası
çərçivəsində keçirilməsi planlaşdırılır. O, Parlament Şəbəkəsinin
qarşısında duran vəzifələr və növbəti dövr üçün görüləcək işlər
barədə geniş məlumat verib.
Söhbət zamanı Milli Məclisin sədri dövlətlərarası münasibətlərin
gücləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edib,
belə görüşlərin bu sahədə təcrübə və informasiya mübadiləsi
baxımından təqdirəlayiq olduğunu deyib. Sahibə Qafarova
deputatlarımızın parlamentlərarası dostluq qrupları çərçivəsində
əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, eyni
zamanda, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın
önəmindən danışıb. O, müxtəlif dövlət qurumları arasında
əməkdaşlıqla yanaşı, ölkəmizin hakim partiyası Yeni Azərbaycan
Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da məhsuldar
əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı
Zəfər, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad
ediləməsi və ərazi bütövlüyümüzün bərpası, hazırda işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma
işləri barədə də danışıb.

Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq
Din Hyu ölkəsinin Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində
maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin
tarixi köklərə söykəndiyini deyib və qeyd edib ki, əlaqələrimizin
əsası Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulub. Vuonq Din Hyu
deyib ki, Azərbaycan bizim üçün dost ölkələrdən biridir. Bizim
xarici siyasətimizin əsas prioritetlərimizdən biri ənənəvi dostluq
münasibətlərinin olduğu ölkələrlə əməkdaşlığımızı daha da
sıxlaşdırmaqdır.
Milli Assambleyanın sədri qarşılıqlı əlaqələrin
genişləndirilməsində parlamentlərin xüsusi rolunu vurğulayıb. Bu
baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin
təşkilinin, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin
məqsədəmüvafiq olduğunu deyib. O, eyni zamanda, beynəlxalq
parlament qurumlarında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini
söyləyib.
Vyetnam Milli Assambleyasının sədri deyib ki, Vyetnam Qoşulmama
Hərəkatının üzvü kimi, bu təşkilat çərçivəsində əməkdaşlığa böyük
əhəmiyyət verir. O cümlədən, təşkilatın Parlament Şəbəkəsi
çərçivəsində də iştirak edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir