Yeni Azərbaycan Partiyası xalqımızın arzu və istəklərinin təminatçısıdır – Səttar Möhbalıyev

Bakı. Trend:

“Yeni Azərbaycan Partiyasının dövlətimizin tarixində və
xalqımızın həyatında əhəmiyyəti çox böyükdür. Ölkəmizin düçar
olduğu böhrandan xilas edilməsi, müasir Azərbaycanın qurulması,
müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi
bilavasitə Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan ağır
siyasi böhran dövlətçiliyimizi çətin təhlükə qarşısında qoymuşdu.
Vətənin taleyini düşünən adlı-sanlı ziyalılar, tanınmış insanlar,
nüfuzlu şəxsiyyətlər xalqının böyük öğlu, peşəkar siyasətçi Heydər
Əliyev dühası ətrafında birləşərək Azərbaycan tarixinin son dərəcə
ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz
qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu,
bütövlükdə xalqımızın arzu və istəklərinin ifadəsi, tarixi bir
hadisə idi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə
açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
deyib.

“Bəlkə də, tarixdə belə bir hadisə olmayıb ki, yeni yaranan
partiya qısa müddətdə YAP kimi böyük nüfuz sahibi olsun, xalqının
etimadını qazansın. Yarandığı ilk gündən xalqımızın taleyini
düşünən hər kəs Ulu Öndərin ətrafında sıx birləşmək amalı ilə
Partiyanın sıralarına qatılırdı. Həmin insanlar əmin idilər ki,
onun lideri yeganə xilaskar şəxsiyyətdir. Tarixin, proseslərin
sonrakı gedişi, bu gün yaşadığımız qüdrətli Azərbaycanın mövcudluğu
xalqımızın məhz həmin müdrik qərarının nəticələridir. Ümumxalq
partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli
və nailiyyətlərlə dolu uğurlu bir yol keçib. Heydər Əliyev
Partiyanı inkişaf etdirdi, cəmiyyətimizin aparıcı siyasi qüvvəsinə
çevirdi, dünənin, bu günün və sabahın partiyası səviyyəsinə
qaldırdı. Xalqımız tərəfindən yendən hakimiyyətə gətirilən Heydər
Əliyev ona göstərilən bütün etimadları şərəflə doğrultdu, xalqın
inamını özünə qaytardı, dövlətin ətrafında onları inamla
birləşdirdi, düşmənlərimizin ölkəmizlə bağlı xain planlarını
alt-üst etdi, müasir, güclü Azərbaycan yaradaraq etibarlı, peşəkar
əllərə ötürdü. Gələcək nəsillər bu gün bizim kimi, hər zaman Ulu
Öndərə minnətdar olacaqlar, onun adını uca tutaraq ehtiramla yad
edəcəklər”, – Milli Məclisin deputatı bildirib.

“Fəxarətlə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə
müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı
təkamül, vətəndaş həmrəyliyi və sosial ədaləti özünün prinsiplərinə
çevirən YAP Vətənini sevən və xalqına sadiq olan, hüquqi dövlət,
sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq
ideyalarını qəbul edən vətəndaşları öz ətrafında cəmləyərək uğurla
irəliləyir. Partiyanın sıraları getdikcə genişlənir, gördüyü
taleyüklü işlərlə vətəndaşlarımızın hörmət və inamını qazanır.
Hazırda Azərbaycan iqtisadi gücü, inkişaf tempi, qazandığı
nailiyyətlər, həyata keçirdiyi layihələr, etibarlı tərəfdaş statusu
ilə dünyanın əhəmiyyətli dövlətlərdən biri hesab olunur. Təkcə onu
demək kifayətdir ki, ölkəmiz regionun nəhəng enerji mərkəzinə
çevrilib, Avropanın enerji təchizatında son dərəcə effektli rol
oynayır. Həmçinin Şərqi Zəngəzurun və Qarabağın Ermənistan
işğalından azad edilməsi, şanlı Zəfərin xoş sədası dünyanın hər
yerində eşidilir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ
qarşıdadır”, – AHİK sədri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir