Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” MMC ilə “Özbəkistanın telekommunikasiya
şəbəkələrinin idarə edilməsi üzrə Respublika Mərkəzi” Dövlət Unitar
Müəssisəsi arasında memorandum imzalanıb. Memorandum mobil
cihazların qeydiyyatı sahəsində birgə fəaliyyətin təşkilini nəzərdə
tutur.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, bununla əlaqədar Özbəkistanın İnformasiya
Texnologiyalarının və Kommunikasiyalarının İnkişafı Nazirliyi, Baş
Prokurorluğu və Daxili İşlər Nazirliyinin, “Özbəkistanın
telekommunikasiya şəbəkələrinin idarə edilməsi üzrə Respublika
Mərkəzi” Dövlət Unitar Müəssisəsinin, həmçinin “İnformasiya
Texnologiyaları Mərkəzi” şirkətinin rəhbər şəxsləri “AzInTelecom”
MMC-də olublar.

Görüşdə “AzInTelecom” MMC-nin surəti köçürülmüş IMEI kodlarla
qeydiyyatdan keçirilən mobil cihazlara qarşı Azərbaycanda həyata
keçirdiyi mübarizə tədbirləri haqda məlumat verilib. Tərəflər bu
sahədə əməkdaşlıq perspektivləri, itirilmiş və oğurlanmış, surəti
köçürülmüş IMEI kodlarının vahid “qara siyahı”sının inteqrasiya
edilməsi, təcrübə və məlumat mübadiləsi barədə müzakirə
aparıblar.

Görüşün yekununda mobil cihazların qeydiyyatı sahəsində birgə
fəaliyyətin təşkili ilə bağlı memorandum imzalanması ilə yanaşı,
müvafiq İşçi Qrupunun yaradılmasına qərar verilib.

Qeyd edək ki, “AzInTelecom” MMC mütəmadi olaraq monitorinq
edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı
araşdırma aparır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız
üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə
davam edirlər.

Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində indiyədək 460
IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda
261093 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə
görünüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir