Bakıda ICAPP-ın xüsusi konfransı keçirilib, bəyanat qəbul edilib

Bakı. Trend:

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi
ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP)
“Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda
xüsusi konfransı keçirilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış
nitqi ilə çıxış edib.

T.Budaqov qeyd edib ki, qlobal dünyada təhdidlər artır və belə
bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var: “Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa
edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər
görülüb və görülməkdədir. Azərbaycanda müxtəlif etnik, dini
qrupların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti
hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşa və
qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.

YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan
torpaqları Ermənistanın işğalı altında qalıb: “Azərbaycanın
münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib,
Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də
2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq
torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum qətnaməsini də icra
edib”

T.Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10
noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə
yetirməkdən imtina edir: “İnanıram ki, ümumilikdə Asiyanın 370-dən
çox partiyasını birləşdirən ICAPP-ın Bakıda keçirilən bu konfransı
yaddaqalan olacaq”, – deyə o əlavə edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik
məktubunu oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının
keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş
direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar
arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən
Chunq Eui-yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi
çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb. Onun sözlərinə
görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.

Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib
ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq
apara bilərlər: “Münaqişələr ümumən dünyaya təsir göstərir.
Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.

A.Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin
yaradılması istiqamətində gördüyü işlərdən də danışıb: “Türkiyə
strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz
regional və qlobal təhlükəsizliyə mühüm töhfə veririk. Bu gün
Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll
olunmasına öz dəstəyini verir”, – türkiyəli millət vəkili
bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Ermənistana
sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladıb: “Ərazi
iddialarından əl çəkilməli, sərhədlərin delimitasiya və
demarksiyası həyata keçirilməli, kommunikasiyalar açılmalıdır.
Azərbaycanda siyasi partiyalar bununla razıdır, Ermənistanda da
siyasi partiyaların buna razı olacağına ümid edirik. Azərbaycan
regiona sülh gətirmək niyyətindədir”.

Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun
üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr
müavini Andrey Klimov tədbirin təşkilinə görə Azərbaycana təşəkkür
edib, ICAPP-ın qəbul etdiyi sənədlərdəki prinsiplərin yerinə
yetirilməsini vacib sayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya)
Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Azərbaycan və
Ermənistan arasında sülh sazişinin ərazi bütövlüyü əsasında
imzalanacağına əmin olduğunu və regionda davamlı sülh və sabitliyin
təmini üçün tarixi bir şərait yarandığını vurğulayıb. Onun
sözlərinə görə, Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər
zamankından daha güclüdür, Şuşa Bəyannaməsini imzalamaqla
münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini söyləyən YAP
İdarə Heyətinin üzvü Aynur Sofiyeva nəzərə çatdırıb ki, müharibə
bitəndən sonra da Azərbaycan vətəndaşları mina problemindən əziyyət
çəkib: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il
və 25 milyard dollar lazımdır. İnanıram ki, konfransda iştirak edən
partiyalar günümüzün aktual problemlərinin həllinə mühüm töhfə
verəcək. Azərbaycan da qlobal təhlükəsizliyə töhfə verməklə
siyasətini həyata keçirəcək”.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş
katibi Ço Byunq-cae bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev
konfransa çox mühüm mesajlar göndərib. O, qonaqpərvərliyə görə
təşəkkürünü çatdırıb.

Daha sonra Ço Byunq-cae konfransın Bəyanatı barədə məlumat
verib. Bəyanatda qeyd edilib ki, konfransda regional və qlobal
təhlükəsizlik müzakirə olunub: “Qlobal təhlükəsizliyin təmini üçün
siyasi partiyaların imkanından istifadə olunması vacibdir. Siyasi
partiyalar müxtəlif ölkələri və cəmiyyətləri, tolerantlığı təmsil
olunur. İdeoloji fərqlərə rəğmən, bütün partiyaların təhlükəsizlik,
sabitlik və əməkdaşlıq kimi ümumi dəyərləri var. Qlobal
təhlükəsizliyi təmin etmək üçün siyasi partiyalar arasında
əməkdaşlığı keçirmək, mütəmadi görüşlərin keçirilməsi
önəmlidir”.

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya
liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
bəyanat Azərbaycan və Ermənistan arasında, Cənubi Qafqazda sülh və
təhlükəsizlik üçün geniş imkanlar yaradıb: “Eyni zamanda üçtərəfli
bəyanat regionda davamlı təhlükəsizlik üçün zəmin yaradır”.

YAP sədrinin müavini Əli Əhmədov çıxışında ICAPP-ın bundan sonra
da Asiyada sülh və təhlükəsizliyə böyük töhfə verəcəyinə əmin
olduğunu vurğulayıb: “Asiya Təhlükəsizlik Konfransının yaradılması
təşəbbüsü ilə çıxış edə, 1-2 ildən bir təhlükəsizlikə bağlı
konfranslar keçirilə bilər”.

Ə.Əhmədov Azərbaycanın torpaqlarını işğaldan azad etməsini də
qlobal təhlükəsizliyə bir töhfə kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir