Bakıda İCAPP-ın xüsusi konfransı keçirilir

Bakı. Trend:

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi
ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP)
“Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda
xüsusi konfransı keçirilir.

Trend-in xəbərinə görə, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış
nitqi ilə çıxış edib.

T.Budaqov qeyd edib ki, qlobal dünyada təhdidlər artır və belə
bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var: “Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa
edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər
görülüb və görülməkdədir. Azərbaycanda müxtəlif etnik, dini
qrupların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti
hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşa və
qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.

YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan
torpaqları Ermənistanın işğalı altında qalıb: “Azərbaycanın
münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib,
Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də
2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq
torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum qətnaməsini də icra
edib”

T.Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10
noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə
yetirməkdən imtina edir: “İnanıram ki, ümumilikdə Asiyanın 370-dən
çox partiyasını birləşdirən İCAPP-ın Bakıda keçirilən bu konfransı
yaddaqalan olacaq”, – deyə o əlavə edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik
məktubunu oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının
keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş
direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar
arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən
Chunq Eui-yong dünyanın COVİD-19 pandemiyası dövründə üzləşdiyi
çağırışlar, təhlükəsizliyə təhdidlərdən çöz açıb. Onun sözlərinə
görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.

Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib
ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq
apara bilərlər: “Münaqişələr ümumən dünyaya təsir göstərir.
Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.
Afif Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin
yaradılması istiqamətində gördüyü işlərdən danışıb: “Türkiyə
strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz
regional və qlobal təhlükəsizliyə mühüm töhfə verir. Bu gün Türkiyə
təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz
dəstəyini verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir