“Dünyanın şah memarlıq əsərləri” – Slovakiyanın tarixi və memarlıq irsi AzMİU-da (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın
şah memarlıq əsərləri” adlı yeni və maraqlı fotolayihənin açılış
mərasimi olub. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış
azərbaycanlı peşəkar fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun
təşkilatçılığı ilə keçirilən layihədə AzMİU-nun rəhbərliyi,
professor-müəllim heyəti, tələbələri, Slovakiyanın ölkəmizdəki
səfiri Milan Laychak və konsul Mihal Teshlar iştirak edib.

Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin
direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq
əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib. Fərid
Kərimov layihənin keçirilməsində əsas məqsədin dünyanın müxtəlif
ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə
də dizayn sahəsində yeniliklərlə tanışlıqdan ibarət olduğunu
bildirib. “Dünya şah memarlıq əsərləri” adlı silsilə fotolayihənin
uzunmüddətli nəzərdə tutulduğunu qeyd edən Fərid Kərimov bugünki
sərgidə məharətli fotoqrafın obyektivinə Slovakiya memarlığından
tuş gələn incilərin nümayiş olunduğunu deyib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək
qonaqları salamlayıb və layihənin fərqli memarlıq nümunələrini
öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib. Slovakiya
memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd
edən professor Gülçöhrə Məmmədova bildirib ki, bu layihə AzMİU
tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin Slovakiya
şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait
yaradacaq.

Rektor AzMİU ilə Slovakiya Texniki Universiteti arasındakı
faydalı əməkdaşlığa toxunaraq layihənin, ümumiyyətlə qarşılıqlı
əlaqələrin Slovakiyanın digər ali təhsil müəssisələri ilə də
əməkdaşlığa zəmin yaradacağına ümidvar olduğunu bildirib.

AzMİU-da olmaqdan məmnunluğunu ifadə edən səfiri Milan Laychak
layihənin təşkilinə görə rektora, təşkilatçılara ölkəsi adından
təşəkkürünü bildirib, Bakıda, xüsusilə memarlıq təhsili üzrə böyük
ənənələrə sahib bir universitetdə Slovakiya memarlığının təbliğini
böyük dəyər və iki ölkə arasındakı dostluğun təzahürü kimi
qiymətləndirib. Slovakiya, bu ölkənin memarlıq inciləri haqqında
məlumat verən səfir AzMİU ilə Slovakiya ali təhsil müəssisələri
arasında əlaqələrin inkişafı üçün dəstək göstərməyə hazır
olduqlarını qeyd edib.

Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov AzMİU
rəhbərliyinə və səfirə, eləcədə digər qonaqlara təşəkkür edib və
sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. Müəllif
bildirib ki, 20 əsərdən ibarət fotosərgidə Slovakiyanın nadir
memarlıq nümunələrinin, o cümlədən Bratislava, Orava, Stara
Lubovna, Spis, Beckov, Şaxtice, Devin və Trencin qalalarının
əsrarəngiz görüntüləri sərgilənir.

Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib və qonaqlar və
səfir Milan Laychakın Slovakiya haqqında marqlı təqdimatı
dinlənilib.

Qeyd edək ki, gələcəkdə layihə çərçivəsində dünyanın digər
ölkələrinə məxsus memarlı abidələrinin də fotosərgisinin təşkili
planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir