Ermənistan sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır – Sahibə Qafarova

Bakı. Trend:

Ermənistan sülh sazişinin imzalanması üçün real addımlar
atmalıdır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bunu Milli
Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri
çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının (APA) 43-cü
Baş Assambleyasının birinci plenar iclasında çıxışı zamanı
deyib.

Spiker Azərbaycan Respublikası Parlamenti adından Baş
Assambleyada iştirak edən bütün parlament nümayəndə heyətlərini
salamlayaraq, Kamboca Krallığının Milli Assambleyasının sədri,
ASEAN Parlamentlərarası Assambleyasının Prezidenti Henq Samrinə
43-cü Baş Assambleyaya dəvətinə və qonaqpərvərliyinə görə təşəkkür
edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Cənub-Şərqi
Asiya ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir və onlarla
ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsinə
çalışır. O, ASEAN-a üzv dövlətlərin parlamentariləri ilə əlaqələrin
möhkəmləndirilməsinin mövcud münasibətlərə mühüm ölçü qatacağına,
ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da
möhkəmlənməsinə xidmət edəcəyinə, sülh, həmrəylik və davamlı
inkişafa kömək edəcəyinə əminliyini ifadə edib.

Sahibə Qafarova bildirib ki, Cənubi Qafqaz regionunda Şərqlə
Qərbin kəsişməsində yerləşən Azərbaycan qədim dövlətçilik
ənənələrinə malikdir. Bu ənənələrə əsaslanaraq, Azərbaycan xalqı
1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament
Respublikasını yaratdı. Elə həmin il Qərb ölkələrinin əksəriyyətini
qabaqlayan Azərbaycan qadınlara səsvermə hüququ verdi. Təəssüf ki,
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay davam etdi. Nəhayət,
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edə bildi və bu,
ölkəmizin tarixində yeni dövrün başlanğıcı oldu.

Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan müstəqil siyasət aparır. Bərabərlik, qarşılıqlı etimad və
qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli
münasibətlərin inkişafının ən vacib elementləridir. Azərbaycan
enerji təhlükəsizliyinə töhfə verən və Şərqlə Qərbi birləşdirən
nəqliyyat layihələrini həyata keçirən etibarlı tərəfdaşdır.
Azərbaycan müxtəlif dini və etnik qrupların əsrlər boyu sülh və
dostluq şəraitində birlikdə yaşadığı ölkədir. Multikulturalizm
bizim xalqımız üçün həyat tərzidir. Müxtəlif mədəniyyətlərə,
dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin
ayrılmaz hissəsidir.

Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq birliyin
məsuliyyətli üzvü olan Azərbaycan qlobal sülhə, əməkdaşlığa və
inkişafa töhfə vermək üçün əlindən gələni edir. Bu gün Azərbaycan
COVID-19 kimi ümumi problemlərin həllində qlobal həmrəyliyin
gücləndirilməsi üçün irəli sürdüyü təşəbbüslərlə BMT-dən sonra
dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla
sədrlik edir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament
ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürdüyünü qeyd edən
spiker bunu ölkəmizin parlamentlərarası əməkdaşlığın qlobal
miqyasda əhəmiyyətinə verdiyi önəmin sübutu kimi qiymətləndirib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında
Madriddə təsis olunub və ilk Bakı konfransını bu ilin iyun ayında
Azərbaycanda keçirib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri
olaraq bildirib ki, Parlament Şəbəkəsi AİPA da daxil olmaqla digər
parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə
verməyə hazırdır.

Spiker diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın idi ki, qonşumuz
Ermənistanın işğalı altında idi. Təəssüf ki, beynəlxalq
təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının erməni
qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən
çoxsaylı qətnamə və qərarları yerinə yetirilmədi.

Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb, nəticədə bir
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Birinci Qarabağ müharibəsindən sonra təxminən 4 min Azərbaycan
vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün
şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi,
mədəni və dini abidələrimizə qarşı vandalizm aktı törədib. Vaxtilə
Qarabağın ən böyük şəhəri olan Ağdam o dərəcədə dağıdılıb ki,
beynəlxalq ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü, beynəlxalq hüquq
normalarını və tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin qətnamələrini
özü icra etdi. İndi biz bu ərazilərdə genişmiqyaslı bərpa işlərinə
başlamışıq. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib.
Ağıllı şəhərlər və ağıllı kəndlər tikilir. İnfrastruktur və
nəqliyyat layihələri icra edilir. Zəngəzur dəhlizinin açılması isə
regionun nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa
başlayıblar. Ancaq bu prosesin həyata keçirilməsinə ciddi maneələr
var. Onlardan biri də ondan ibarətdir ki, Ermənistan bu ərazilərdə
1 milyondan çox mina basdırıb. İki il bundan əvvəl ikinci Qarabağ
müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində
270-ə yaxın azərbaycanlı həlak olmuş və ya ağır yaralanmışdır.

Milli Məclisin sədri çıxışının sonunda diqqətə çatdırıb ki,
Azərbaycan işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və
sabitliyin təmin olunması üçün səylər göstərən və Ermənistana
beynəlxalq hüququn 5 prinsipi əsasında münasibətlərin
normallaşdırılmasını və sülh sazişinin imzalanmasını təklif edən
ölkədir. Lakin Ermənistan destruktiv mövqe nümayiş etdirərək bu
prosesə mənfi təsir göstərən ziddiyyətli bəyanatlar verir.
Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin
imzalanması üçün real addımlar atmalıdır. Çünki bu, regionda
uzunmüddətli sülh və sabitliyi təmin etməyin yeganə yoludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir