Milli Məclisin komitə iclasında büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunub

Bakı. Trend:

Noyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Trend xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli iclası açaraq
gündəliyi təqdim edib. O, gündəlikdə əsasən 2023-cü il üçün büdcə
zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəyə
çıxarıldığını bildirib. Bunlar “Azərbaycan Respublikasının 2023-cü
il dövlət büdcəsi”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il
büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi
haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış
minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün
ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində, Gömrük
Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” və
“Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə ikinci oxunuşda olan qanun layihələridir.

Komitə sədrinin müavini büdcə zərfinə daxil olan qanun
layihələrinin komitə və plenar iclaslarda geniş şəkildə müzakirə
olunduğunu və maliyyə naziri Samir Şərifovun büdcə zərfi barədə
kifayət qədər müfəssəl məlumat verdiyini diqqətə çatdırıb.
Ölkəmizin tarixində ən böyük büdcəyə münasibətin çox müsbət
olduğunu vurğulayan Əli Məsimli büdcəyə bəzi dəyişikliklərin təklif
edildiyini də qeyd edib.

Çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki,
gələn ilin dövlət büdcəsi dövlətin öhdəliklərinin yerinə
yetirilməsi, iqtisadi dayanıqlılığın və inkişafın təmini üçün
lazımi maliyyə təminatını yaradır. Maliyyə nazirinin müavini büdcə
müzakirələrində deputatların qaldırdıqları məsələlərə aydınlıq
gətirib, təkliflərinə münasibət bildirib.

Dövlət büdcəsində neftin bir barelinin qiymətinin dünyadakı
maliyyə institutlarının təqdim etdiyi proqnozların ən aşağı
həddində götürüldüyünü bildirən nazir müavini neftin ölkənin ümumi
daxili məhsulunda və büdcə daxilolmalarında payının getdikcə
azaldığını vurğulayıb.

Azər Bayramov yeni səfirliklərin və diplomatik nümayəndəliklərin
açılması və digər məsələlərlə bağlı xərclərin artdığı üçün büdcədə
müvafiq düzəlişlərin edilməsinin təklif olunduğunu diqqətə
çatdırıb. O, dəyişikliklərin qanunvericiliyə uyğun nəzərə
alındığını bildirib.

Çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev
Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun ölkəmiz haqqında
müsbət rəy verdiklərini diqqətə çatdırıb. Bildirib ki, gələn ilin
dövlət büdcəsi “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər”ə uyğun hazırlanıb və əsas diqqət tarazlığın
qorunması və dayanıqlı inkişafa yönəldilib.

Regionlara sərmayələrin yatırılması və maliyyə imkanlarının
yaradılması barədə danışan Mərkəzi Bankın sədrinin birinci müavini
Rəşad Orucov maliyyə institutlarının zəmanət mexanizmləri
alətlərindən daha çox istifadə etməsinin vacibliyini
vurğulayıb.

Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Vergi
Məcəlləsinə dəyişikliklərlə bağlı məlumat verib. O, işğaldan azad
edilmiş ərazilərdə sosial sığortaların subsidiyalaşdırılmasının
diqqətdə saxlanıldığını bildirib.

Müzakirələrdə deputatlar Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar
Bayramov, Mahir Abbaszadə, Aydın Hüseynov, Rüfət Quliyev, Məzahir
Əfəndiyev, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov
çıxış edərək fikirlərini bölüşüb, rəy və təkliflərini
səsləndiriblər.

Deputatlar ikinci oxunuşda müzakirəyə çıxarılan qanun
layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə
ediblər.

Sonra komitə sədrinin müavini diqqətə çatdırıb ki, gündəlikdəki
digər məsələlər birinci oxunuşda təqdim edilən 4 qanun layihəsidir.
Belə ki, növbəti üç qanun layihəsi – Mülki Məcəllədə dəyişikliklər
edilməsi barədə, Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində və
Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında,
“Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”,
“Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”,
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və
“İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə qanun layihələri qiymətli kağızlarla bağlı qanunvericilikdə
edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində isə azad
iqtisadi zonada fəaliyyət üçün verilən giriş vizasının, bu məqsədlə
gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisinə daxil olması, müvəqqəti qalması
məsələlərinin tənzimlənməsi üçün hüquqi əsaslar müəyyən edilir.

Komitə üzvləri birinci oxunuşda müzakirəyə çıxarılan qanun
layihələrini də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar İqbal Məmmədov, Məşhur Məmmədov, Anar
Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Kərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir