Salyanda taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. Trend:

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonu
Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır
cinayətin “isti izlərlə” açılması təmin edilib.

Trend-in məlumatına görə, noyabrın 18-də Masallı rayonu,
Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun
üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi
ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və
əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi
avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun
aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı
xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.

Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir